Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatuna görə, son sutka ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 118195 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.
Koronavirusa yoluxanların sayının sutka ərzində 4000-i keçməsi, hazırda aktiv xəstə sayının əslində 43000-dən çox olması qarşıda bir çox problemlər yarada bilər.
Havaların soyuması, mövsümi kəskin respirator xəstəliklərin çoxalması, bəzi vətəndaşların məsuliyyətsizliyi ölkəmizi çətin sınaqlarla üzləşdirə bilər. Çarpayı sayının və tibbi personalın məhdud sayda olması, xroniki xəstəliyi olanların və yaşlıların risk qrupunda olması və torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar müharibəyə xas olan problemlərin yaranması hər bir vətəndaşı ciddi düşündürməlidir. Buna görə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ticarət obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq reydlər həyata keçirilir. Növbəti reyd zamanı gün ərzində ümumilikdə 138 olmaqla, 133 ticarət, 5 yas mərasiminə nəzarət edilib. Reydlər zamanı 22 nəfər vətəndaşa cərimə tətbiq edilmişdir.
Reyd zamanı obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərində kütləviliyin qarşısını almalı və bununla da özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalıyıq.
Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.