Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vətəndaşlara müraciəti.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir.
Səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.