Şirvanda infeksiyaya yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yayında yaradılmış Operativ Qərargah tərəfindən təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər İcra Hakimiyyətində yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə, xüsusilə əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri, maarifləndirici söhbətlər aparılır.
2 dekabr tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 223 olmaqla, 35 ictimai iaşə, 123 ticarət, 26 bərəbərxana və gözəllik salonu, 31 digər xidmət obyektlərinə, 8 yas mərasiminə nəzarət edilib, 396 vətəndaşa xəbərdarlıq edilib. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilmişdir.
Eyni zamanda, şəhər ərazisində parkların giriş hissələrinə təbliğat xarakterli plakatlar qoyulur, könüllü gənclərin iştirakı ilə əhali arasında yoluxucu infeksiya haqqında maarifləndirici bukletlər paylanılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında və rəsmi internet saytında yayımlanır.
Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulur, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılır.