"Laçının işğaldan azad edilməsi möhtəşəm və parlaq tarixi hadisədir"
01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
Ölkə başçısı nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı dilə gətirdi. Belə ki, ölkə başçısı bildirdi ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və belə də oldu. Ölkə başçısı vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.
Prezident İlham Əliyev həmçinin bildirdi ki, mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı.
Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800 kvadratkilometrdir. Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfaının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Rayonun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva