COVİD-19-la mübarizə məqsədilə reydlər davam edir
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Şirvan şəhərində gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ticarət obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq reydlər həyata keçirilir. Növbəti reyd zamanı gün ərzində ümumilikdə 213 olmaqla, 33 ictimai iaşə, 120 ticarət, 25 bərbərxana və gözəllik salonu, 28 digər obyektlər, 5 yas mərasiminə nəzarət edilib. Reydlər zamanı 381 nəfər vətəndaşa cərimə tətbiq edilib.
Reyd zamanı obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərində kütləviliyin qarşısını almalı və bununla da özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalıyıq.
Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.