“İnsan alverinə qarşı mübarizədə birgə fəaliyyət” mövzusunda onlayn seminar keçirilib.
“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 17 dekabr 2020-ci il tarixdə insan alverinə qarşı mübarizə sahəsində gənclərin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizədə birgə fəaliyyət” mövzusunda onlayn seminar (vebinar) keçirildi.
Onlayn seminarda Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan Şəhər İcra Hakimiyyəti İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan Gənclər Evinin psixoloqu Aygün Əliyeva və Gənclər Evinin könüllüsü Şəfa Nəsibova çıxış edərək insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiəsi ilə bağlı fikirlərini bildirdilər. Çıxış edənlər Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24.07.2014-cü il tarixli, 667 saylı Sərəncamı ilə təsdiq edilmiş “İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq bu sahədə fəaliyyətin qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edildiyini bildirdilər. Qeyd edildi ki, insan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda vətəndaşların bu tipli şəxslərə biganə qalmaması, əlaqədar dövlət qurumlarına dərhal məlumat verilməsi və digər məsələlərlə bağlı vaxtaşırı müxtəlif kontingentlərlə onlayn maarifləndirmə tədbirləri davam etdirilməlidir.
Diskusiya şəklində keçirilən seminarda şəhərin müxtəlif idarə və müəssisələrində çalışan 35 nəfər gənc iştirak etdi və mövzu ətrafında gənclərin sualları cavablandırıldı.