Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva vəfat edib.

12 dekabr 2020 | 16:00

Şirvan şəhər ictimaiyyətinə ağır itki üz verib. Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Soltanəli qızı Ağayeva 2020-ci ilin dekabrın 11-də ömrünün 62-ci ilində vəfat edib.
    Elmira Ağayeva 23 oktyabr 1958-ci ildə Əli Bayramlı rayonunun Qaraçala qəsəbəsində anadan olub. 1965-1975-ci illərdə Qaraçala qəsəbə orta məktəbində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu Ümumi texniki fənlər və əmək müəllimi ixtisası üzrə bitirib.
    Əmək fəaliyyətinə müəllim kimi başlayan Elmira Ağayeva 1979-1980-ci illərdə Əli Bayramlı şəhər 13 saylı orta məktəbdə,1980-1995-ci illərdə illərdə isə Salyan rayon Pambıqkənd orta məktəbində işləyib. 1995-1997-ci illərdə Əli Bayramlı şəhər Təhsil Şöbəsində metodist, 1997-2003-cü illərdə Əli Bayramlı şəhər 14 saylı orta məktəbin direktoru, 2003-2006-cı illərdə Əli Bayramlı şəhər Poçt filialının rəisi vəzifələrində çalışıb.
    Prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, ictimai fəaliyyət əzmi onu 2006-cı ildə Əli Bayramlı şəhər İcra Hakimiyyəti başçısının müavini, Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri vəzifəsinə gətirib çıxarıb.
    2012-ci ildən vəfatına qədər Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib.
    2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.
  Dövlət qulluğundakı fəaliyyəti yüksək qiymətləndirilən Elmira Soltanəli qızı Ağayeva Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli Sərəncamı ilə “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
    Ailəli idi, 2 oğlu, 4 nəvəsi var.
    Elmira Ağayevanın Azərbaycan xanımlarına məxsus yüksək mənəvi keyfiyyətləri və məhsuldar ömür yolu gənc nəsil üçün bir nümunə məktəbi olub.
    İşgüzar dövlət qulluqçusu, qayğıkeş ana, məsuliyyətli və mehriban insan Elmira xanım Ağayeva onu tanıyanların qəlbində daim yaşayacaqdır.
    Şirvan Şəhər İcra  Hakimiyyətinin başçısı İlqar Abbasov başda olmaqla, İcra Hakimiyyəti aparatının kollektivi Elmira Ağayevanın vəfatından kədərlənir, ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir.
Allah rəhmət eləsin.                                                                                                             

Keçidlər