Azərbaycan “Doing Business”də top-20 islahatçı ölkənin sırasındadır.
Azərbaycanın apardığı siyasət, ardıcıl və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətindən yayınmır. Ölkəmizdə xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır. Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan ötən ildə olduğu kimi bu il də 20 ən islahatçı ölkələrin sırasında yer alıb. Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib. Reytinqdə bu cür sıçrayış təsadüfi deyil. Ölkə iqtisadiyyatının diversifikasiyası, ixrac potensialının realizəsi, yerli istehsalatın güclənməsi bütün bu pozitiv, dinamik dəyişikliklər aparılan real, dayanıqlı inkişafı təmin etməyə yönəlmiş islahatların nəticəsi kimi ortaya çıxıb. Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir. Doing Business 2020” hesabatında Azərbaycan 190 ölkənin arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə 1-ci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir. “Doing Business 2020” hesabatında Azərbaycanın öncül mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin mayından 2019-cu ilin mayına qədər olan dövrdə həyata keçirilən kompleks islahatlarla bağlıdır. İslahatların əsas məqsədi insan amilinə xidmət, one-stop shop modelindən non-stop shop modelinə və reaktiv yanaşmadan proaktiv yanaşmaya keçidin təmin edilməsidir. Azərbaycanın “Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Belə ki, bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklər ilə uyğunlaşdırmaların aparılması öz töhfəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşdirmələr nəticəsində daşınar əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümükünlüyünə icazə verilir. Azərbaycan kreditlərin əlçatanlığı göstəricisi üzrə 190 ölkə arasında 1-cidir! Əmlakın qeydiyyatı sahəsində islahatlar aparmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. Bu sahədə aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış elektron qaydada verilir. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə bütün xidmətlər bir pəncərədən göstərilir. Kiçik investorların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq “Mülki Məcəlləyə” və “Mülki Prosessual Məcəllə”yə edilən dəyişikliklər ilə səhmdarların keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə direktoru məsuliyyətə cəlb etmə, iddiaçının konkret sənəd göstərilmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur. Müqavilələrin icrası göstəricisi üzrə isə kompleks biznes islahatları çərçivəsində ədalət mühakiməsinin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatları aparılıb. “Mediasıya haqqında” qanunun qəbulu ilə inzibatçılıq qaydaları qəbul edilıb, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib və məhkəmələrə elektron müraciət imkanları yaradılıb. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri mühüm yeniliklər olaraq qeyd etmək olar.
Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi 1 prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar. Bundan başqa, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmsının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişiklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı ötüb. Sərmayə cəlbinin artması həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.
Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov