Şirvan şəhərində görülən abadlıq-quruculuq işləri sakinləri sevindirir.
Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun sentyabrın 27-sindən başlayan zəfər yürüşü torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatdı. Cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə düşmənin 30 ildə darmadağın etdiyi ərazilərdə qısa müddətdə abadlıq-quruculuq işlərinə başlanılıb. Respublikamızın bütün regionlarında olduğu kimi Şirvan şəhərində də geniş həcmli layihələrin icrası, yenidənqurma işləri uğurla davam etdirilir.
Şəhərimizin simasını gözəlləşdirməklə bahəm, şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcək Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkında xüsusi layihə əsasında yüksək keyfiyyətlə xeyli iş görülmüşdür. Ərazisi genişləndirilərək 10,1 hektar olan parkın ərazisində mövcud bina və obyektlərin görünüşcə vəhdət təşkil etməsi üçün tədbirlər görülür. Parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə qurudulması və təmizlənməsi başa çatdırılıb, monolit dəmir-beton tava və kanal divarları, 2 ədəd monolit dəmir-beton körpü tikilib, kanalın əks doldurulması işləri tamamlanıb. Kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün xüsusi qurğular quraşdırılıb, su və kanalizasiya xətləri çəkilib. Hazırda əraziyə tamet tavalar, beton bordyurlar, gölün yamacına isə dekorativ çay daşları düzülür.
Şirvan şəhər sakinlərinin əlamətdar günlərdə hörmət və ehtiramla yad etdikləri “Ana abidəsi kompleksi”nin ətrafında da xeyli iş görülüb, monolit dəmir-beton və hörgü işləri aparılıb. Parkda uzun illərdən bəri mövcud olmuş bataqlıq ərazi çirkab sulardan təmizlənib. Nasosxananın beton-qəlib işləri tamamlanıb, daxili və xarici bəzək işlərinə başlanılıb. Ərazidə yerləşən ictimai-iaşə obyektlərinin bünövrələrinin hörgüsü və tavanın monolit betonlanma işləri tamamlanıb. Atraksiyonların qurulacağı ərazilər betonlanıb və tamet düzülmə işləri aparılıb. Parkın giriş hissəsində pilləkən marşları hörülüb, sanitar qovşaqda betonlanma işləri tamamlanıb. Parkın ərazisində yerləşən “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin fasad hissələri təmir olunub. Hazırda yaşıllıq sahələrinə mümbit torpaq qatının verilməsi işləri aparılır.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq Energetik küçəsi 9 saylı və L-nt. İbrahimov küçəsi 10 saylı binaların qarşısında müasir memarlıq üslubunda salınan “Abad məhəllə” artıq sakinlərin istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 101 ədəd ağac əkilib və yaşıllıq zolağı salınıb. Həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.
Abadlıq-quruculuq işlərinin davamı olaraq şəhərin 28 May küçəsi 3, 4, 5 və 7 saylı binaların qarşısında layihəyə uyğun olaraq “Abad məhəllə"nin, Heydər Əliyev küçəsi 10 və 12 saylı binaların qarşısında “Mərasim evi”nin tikintisi tamamlanmaq üzrədir. F.Eynullayev küçəsi 9 saylı binanın qarşısında yeni məhəllənin salınmasına başlanılıb. Heydər Əliyev küçəsi 14,15,16 və 44 saylı binaların ətrafında abadlıq işləri davam etdirilib. Əraziyə qum qatı verilib, tamet tavalar və beton bordyurlar düzülüb, monolit beton bordyurların düzəldilməsi işləri davam etdirilir.
Qaz təchizatının yaxşılaşdırılması məqsədilə 871 metr yeni qaz xətləri quraşdırılıb, istismar müddəti bitən müxtəlif diametrli qaz kəmərləri ümumilikdə 1500 m yeni xətlərlə əvəz olunub, N.Nərimanov küçəsində yerləşən mövcud daşıyıcı kəmərin üzərində ŞQTM-500 tipli qaz tənzimləyici şkaf quraşdırılıb. Şəhərin Bağ evləri yaşayış massivini elektrik enerjisi ilə təchiz etmək üçün 35/6 kv-luq transfarmator yarımstansiyası tikilib isitifadəyə verilib, ayrı-ayrı ünvanlarda 3 ədəd 35 kv-luq transfarmator yarımstansiyası və 20 ədəd müxtəlif güclü KTM-lər cari, 7 ədəd müxtəlif güclü transfarmator yarımstansiyası əsaslı təmir olunub. 85 ədəd 6-0,4 kv-luq dayaqlar rənglənib, 38 ədəd yeni sayğac quraşdırılıb, 28 ədəd sayğac həyətlərdən kənara çıxarılıb. Şəhər sakinlərinin su təminatının yaxşılaşdırılması məqsədilə 2 ədəd 110mm-lik siyirtmə quraşdırılıb, müxtəlif diametrli 513 p/metr polietilen, 79 p/metr polad boru ilə su xətləri cari təmir edilib. Şəhərin müxtəlif küçə və prospektlərində, çoxmənzilli yaşayış binalarının zirzəmilərində olan çirkab suların çəkilməsi, kanalizasiya xətlərinin yenilənməsi istiqamətində işlər davam etdirilir.
Şirvan şəhərində həyata keçirilən sosial-infrastruktur layihələri içərisində magistral və məhəllədaxili yol infrastrukturunun təmir və bərpası işləri mühüm yer tutur. Hacıqabul-Şirvan avtomobil yolunun 4 və 5-ci kilometrlərində əsaslı təmir işləri tamamlanıb, 15400 kv.m asfalt-beton örtük vurulub. Şəhərdaxili yolların əsaslı təmiri işləri davam etdirlir. F.X.Xoyski, İ.Şıxlı, T.İsmayılov, Energetik, 20 Yanvar, Q.Qarayev, C.Qaryağdıoğlu, Ərəblinslinski, A.Mustafayev, Heyranxanım, S.Bəhlulzadə, Niyazi, R.Rza, Təbriz, Y.V.Cəmənzəminli, L.İbrahimov küçələrinə ümumilikdə 35518 kv.m asfalt-beton örtük vurulub. İstiqlaliyyət prospektində əhalinin normal gediş-gəlişini təmin etmək məqsədilə piyada səkiləri salınıb. Həmçinin şəhərin T.Ələkbərov, G.Şıxbalaoğlu, S.Ə.Şirvani, Ş.Şükürov, 1 May, Vidadi küçələrində piyada səkilərinin salınmasına başlanılıb. Yaxın zamanlarda F.Eynullayev, Xəqani (Bağ evləri), Naxçıvan (Bağ evləri), M.Əsədov, M.S.Ordubadi, X.Məmmədov, Füzuli, S.Ə.Şirvani, M.Qədirov, Ş.Şükürov küçələrinə ümumilikdə 16909 kv.m asfalt-beton örtük vurulması nəzərdə tutulub.
Şəhidlər Xiyabanının abadlaşdırılması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılıb, şəhidlərin qəbirüstü abidələrinin hazırlanması işlərinə başlanılıb.
5 saylı Ərazi Vergilər İdarəsinin yeni inzibati binasının, 2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakət zamanı şəhər ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 fərdi evin tikintisi başa çatdırılıb. 21 nömrəli tam orta məktəbin 624 şagird yerlik yeni binasının tikinti işləri tamamlanmaq üzrədir.
Qeyd edək ki, şəhər rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Görülən işlərlə tanışlıq zamanı şəhər sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğıya görə, xüsusilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsində hərbi və siyasi sahədə böyük müvəffəqiyyət nümayiş etdirən Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.