Müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanıda abadlıq-bərpa işləri aparılır.
Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur! Elə ona görə də dünyada ən şirin nemət olan canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qurban verən, qanlarıyla bu torpağı başdan-başa müqəddəsləşdirən şəhidlərimizin ruhuna hörmət etmək, onların xatirəsini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Vətənin qəhrəman övladlarının torpağa qovuşduğu Şəhidlər Xiyabanı bu gün ən əziz ziyarətgahımıza çevrilib. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub həmişə.
Şirvan şəhəri Birinci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda 137 şəhid verib, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun sentyabrın 27-sindən başladığı zəfər yürüşündə şirvanlılar da misilsiz şücaət göstərib. İkinci Qarabağ müharibəsində Şirvan şəhər Şəhidlər Xiyabanında daha 20 şəhidimiz dəfn edilib.
Şirvan şəhərində şəhidlərimizə, onların ailə üzvlərinə həmişə xüsusi diqqət və qayğı göstərilib. Şəhər rəhbərliyinin şəhid ailələrinin sosial problemləri ilə yaxından maraqlanması, onları vaxtında həll etməsi, şəhidlərimizin uyuduğu Xiyabanın, onların xatirəsinə ucaldılmış abidələrin, bulaqların yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Artıq İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin düzəldilməsi üçün hazırlıq işləri başa çatdırılıb, məzarüstü abidələrin quraşdırılması işləri aparılır, yerə tamet plitələr düzülür. Şəhidlər Xiyabanının işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılır, məzarların ətrafında bardyurların düzəldilməsi işləri aparılır.
Şəhidlər xiyabanınının hasarında suvaq işləri görülür, giriş hissəsində məhəccərlər quraşdırıılır, ərazidə üzlük işləri aparılır. Xiyabanın torpaq ərazisi şumlanır, ağaclar budanır. Şəhidlər Xiyabanı ilə yanaşı ətraf ərazi də abadlaşdırılacaq, bəzək və gül kolları əkiləcəkdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında görülən işlərlə mütəmadi yaxından tanış olur, aidiyyəti üzrə tapşırıqlar verir.
Hər bir Şirvan sakini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya milli-mənəvi dəyərlərimizə, şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə minnətdardır. Noyabrın 8-də Ölkə başçısının xanımı ilə birlikdə Qarabağın baş tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər Xiyabanından elan etməsi hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur.
Şirvan sakinlərinin müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri Vətən uğrunda şəhid olanların qəlbimizdə əbədi yaşayacağına, hər zaman hörmət və ehtiramla yad ediləcəyinə əyani sübutdur.
Şəhidlər ölməz, Vətən bölünməz!