Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyətin zənginliyi, onun gücünü aşılamaq, dünyada sərgiləmək üçün mütləq şəkildə həmin xalqın milli dili olmalıdır.

08 yanvar 2021 | 16:00

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.
    Mədəniyyətin zənginliyi, onun gücünü aşılamaq, dünyada sərgiləmək üçün mütləq şəkildə həmin xalqın milli dili olmalıdır. Sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqı yox etmək istəyirsənsə, birinci onun dilini məhv et. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Lakin Azərbaycan dilinin xüsusiliyinə işarə edən onun əzəmətli edən məsələlərdən biri də odur ki, onun sırf özünə məxsus bir günü var. 1 avqust- Azərbaycan dili və Ədəbiyyatı günüdür. Bu günün təsis olunması, Azərbaycan dilini yer üzündə olan dillərdən xüsusi edir. Çünki çox az dilin özünə məxsus qeyd günü vardır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya, gələcək nəsillərə əbədiyaşar sözlərlə səslənirdi: “...Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
   İstər dilimiz, ədəbiyyatımız, mənəvi düşüncəmiz, mədəniyyətimizin digər sektorları bizim mənəvi irsimizi özündə ehtiva edir və mütləq şəkildə qorunmalıdır, inkişaf etdirilməlidir, dünyaya çatdırılmalıdır. Bu yöndə ölkə rəhbərliyimizin xüsusi addımları, böyük ugurları göz önündədir. İstər Ümumilli Lider Heydər Əliyevin UNESCO-nun diqqətini Azərbaycan mənəviyyatına cəlb etmə uguru, İstər Prezident İlham Əliyevin bu yöndə maddi-mənəvi irslərin mühafizəsi qurumları ilə əməkdaşlıq strategiyası, istərsə də I Vitse-Prezident Mehriban xanım Əliyevanın UNESCO ilə ugurlu əməkdaşlıq siyasəti hər zaman Azərbaycan milli-mədəni, mənəvi irsinin tanıdılması və mühafizəsində prioritet olaraq qalmışdır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasının yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer tutub. Bu uğur Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə, adət-ənənəsinə göstərdiyi yüksək qayğının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb. Xalqlar dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirirlər. Bütün bunlar isə bəşəriyyətin mədəni irsinə çevrilir. Xalçaçılıq dünyanın bir çox ölkəsində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi böyük uğurdur.
Söz yox ki, bu, çox çətin prosesdir. Dünyada məşhur olan Qobustan qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə ölkə rəhbərliyi iki dəfə məsələ qaldırmışdı. İlk belə müraciət 2004-cü ildə olmuşdu. Yeni Zelandiyanın Kristçorç şəhərində irs komitəsinin 31-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti Ümumdünya İrs Komitəsinin bütün üzvlərini Prezident İlham Əliyevin Qobustanın inkişafı ilə bağlı imzaladığı sərəncamla tanış etmişdir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın UNESCO-nun baş direktoru Koişiro Matsuuraya göndərdiyi xüsusi məktubunun surəti də təqdim olunmuşdur. Yalnız bundan sonra sessiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul etmişdir. Bu gün onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyır. Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi böyük zəhmət hesabına ərsəyə gəlmişdir. Bu məqsədlə Muğam Mərkəzində təqdimat mərasimi keçirilmişdir. Mərasimdə tar sənəti haqqında filmin nümayişi və tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilmiş diskin təqdimatı olmuşdur. Tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilmişdir. Beləliklə, Azərbaycanın tar ifaçılığı sənəti də UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salınmışdır. 2013-cü ildə Azərbaycanın ənənəvi at idman növü çövkən oyunu da UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilmişdir. 2014-cü ildə isə kəlağayı baş örtüyünün xalqımızın milli-mədəni irsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması milli mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərin nəticəsidir. Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan “Daşınmaz tarixi və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” milli- mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmişdir. Bu mənada Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli maddi-mədəni irs nümunələri var. Yəqin ki, yaxın gələcəkdə onlar da həmin siyahıda öz yerini tutacaqdır.
   Müasir inkişaf mərhələsində mədəni praktikanı idarə etməkdə vacib olan mədəniyyət haqqında elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyət işinin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır. Həmin tədqiqatlar çox geniş bir elmi bilikləri özündə ehtiva edən kulturoloji profilli sahələrlə həyata keçirilir. Eyni zamanda mədəniyyət haqqında elm – kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da belə bir zərurətdən doğmuşdur ki, məhz ümumi kulturoloji konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların nəzəri və metodoloji bazasını təşkil etməlidir. Kulturoloji konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü göstərir. Bu gün sistematik inkişafda mərhələli fəaliyyət özünü dogruldur. Mərhələli inkişaf nəzərdə tutulan irsin öncə təkmil formasının, tarixinin, araşdırılmış və dəqiqləşmiş bazasının əşkar edilməsi, onun dünyaya tanıdılması və mədəni irs nümunəsi kimi daimi mühafizəsini təmin etməkdir. Bu yolda atılan addımlar hər zamankı kimi ölkəmizin milli-mədəni irsini dünya üzərində ayaqda saxlayacaqdır.
Milli- mədəni, mənəvi irsin əsas dəyərlərindən biri də tarixi-dini abidələrdir. Azərbycan tarixən müxtəlif sivilizasiyaların qovşagı oldugundan bu cür müxtəlif mədəniyyətlərə, xalqlara mənsub abidələrlə zəngindir. 1990-cı illərə qədər dünyanın diqqətini üzərində saxlayan ən çox qərb zonalarımızda yer alan bu cür abidələrin aqibəti əfsus ki, erməni təcavüzü nəticəsində mənfiyə dogru dəyişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə Qarabağa qarşı olan təcavüzkar siyasəti on illərdir ki, davam edir. Dağlıq Qarabağ bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Ermənistanın Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri "böyük Ermənistan" yaratmaq xülyasının nəticəsidir. Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Bu baxımdan, Qarabağ problemi və erməni məsələsi tarixən mövcud olmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir.
    Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilirdi. Lakin Müzəffər ordumuzun parlaq zəfərindən sonra artıq bu abidələr yenidən öz əzəli insanına qayıtdı. Bundan sonra Prezident İlham Əliyevin dəfələrlə vurguladıgı kimi b u abidələr dini mənsubiyyətindən asılı olmayaraq bərpa ediləcək və tarixiliyi daima saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.Prezident İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı Sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır. Bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur. Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları Prezident Sərəncamının əsasında müasir dövrün yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi özlərinə şərəfli borc hesab edirlər. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Nizamişünaslıq” şöbəsinin əməkdaşları son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələr əsasında yazılmaqda olan “Nizami Gəncəvinin həyatı və yaradıcılığı” mövzusunda monoqrafiyanı tamamlayıb ictimaiyyətə təqdim edəcəkdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında imzalanmış Sərəncam yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk prinsiplərini daha da geniş şəkildə təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması haqqında Sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır".

Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər