2020-ci ilin ən böyük yekunu 30 illik işğala son qoyulmasıdır.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş və tarixi nitq söyləyərkən bir çox tarixi məqamlardan danışmışdır. Azərbaycanın 44 gün ərzində apardığı Vətən Müharibəsinin Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyduğunu və tarixi ədalətin bərpa edilməsini ilin ən mühüm yekunu olduğunu qürurla, fəxrlə təhlil etdı. Bu təhlil tarixi həqiqətlərin dərki üçün böyük imkanlar yaradır. Belə ki, dövlət başçımızın fikirləri qısa tezis şəklində, lakin mühüm tarixi məqamların şərhini tələb edən konkret yanaşmalara yol açmışdır. “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi”. “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır”. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”. “Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik” kimi fikirlər Azərbaycanın gücünün sarsılmazlığını, dünyada sözü ilə əməli arasında heç bir fərq olmayan dövlət olduğunu sübut etdi. Çünki, Prezident İlham Əliyevin bu məsələyə dair yanaşmaları hələ Vətən Müharibəsindən əvvəl beynəlxalq arenada ciddi iradları ilə ortaya qoymuşdur. O demişdir:
- Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq;
- Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək;
- Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq;
- Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.
Bütün təzyiqlərə, təhdidlərə, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına və bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti qarşısına qoyduğu tarixi vəzifəni yerinə yetirdi. İşğalçını dünyanın gözü qarşısında təslim etməyə məcbur etməklə müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli,əxlaqlı orduya malik olduğunu göstərdi. Azərbaycanlı milli kimliyinin özünəməxsusluğunu hərbi əməliyyatlardakı hümanizm prinsipinə sadiqliyini bəşəriyyətə nümünə etdi.
Sülhməramlı qüvvələr öz vəzifələrini bilməlidir.
Azərbaycanın ərazi bütövlüyünün təsdiqi və toxunulmazlığı məsələsi imzalanmış üçtərəfli bəyənnamədə əslində kökündən və açıq şəkildə öz təsdiqini tapmışdır. Bu hec vaxt müzakirə mövzusu ola bilməz. Ona görə də Azərbaycan sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşdur ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş, hər hansı missiya daşıyan şəxs Dağlıq Qarabağa gedə bilməz. Bunları təhlil edərkən Prezident İlham Əliyev demişdir: “Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar”.
Yeni siyasi mədəniyyət
Ölkəmizdə 2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım olaraq aparılan islahatların mühüm hissəsi idi. İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür. Ölkəmizdə belə düşünülmüş və sosialyönümlü siyasətin güclü dövlətin təməl prinsiplərini formalaşdırması bir tarixi həqiqətdir. Prezident İlham Əliyev öz tarixi nitqində bildirdi ki, “keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Siyasi dialoqda iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi”.
Təəssüflə qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsi vaxtı da həmin qrupa rəhbərlik edənlərdən biri Amerikada oturub, antimilli mövqedən çıxış edir, düşmən dəyirmanına su tökməklə məşğul olmuşdur. “Milli Şura”nın ABŞ-dakı liderini maliyyələşdirən və ona istiqamət verənlər hec şübhəsiz ki, antiazərbaycan ermənipərəst dairələrdir. 1990-cı illərin əvvəllərində yürüdülmüş yanlış siyasət və bu siyasətin fəsadları xalqımıza çox faciələr yaşatmışdır. Bütün bunlara tarixi siyasi qiymət və yanaşmanın olması üçün ölkəmizdə çox ciddi və fəal siyasi dialoqun aparılması çox mütərəqqi bir siyasətdir. Bu baxımdan partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır. Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdır. İndi biz Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi dialoqun gələcəyi ilə bağlı baxışları reallaşdırmaq üçün qüvvələrimizi səfərbər etməliyik. Cənab Prezident bu istiqamətdəki vəzifələri aşağıdakı kimi müəyyənləşdirmişdir.
-Partiyalararası dialoqu möhkəmləndirmək;
-Ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək;
-Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqda partiyaların iştirakı;
-Bu məqsədlə partiyaların beynəlxalq partiyalararası qurumlara üzvlüyündən istifadə etmək;
-Partiyaların ictimai nəzarətdə iştirakı,çatışmazlıqlar haqqında məsələ qaldırmaq.
Bütün bu vəzifələrin yerinə yetirilməsi üçün kadr islahatlarının aparılması dövlət siyasətinin prioritetinə çevrilməkdədədir. Bu cəmiyyətimiz tərəfindən də müsbət qarşılanır. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. İndi ictimai fikir köklü şəkildə onu qəbul edib ki, heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. 2020-ci ilin yekunlarına dair Prezident İlham Əliyev tərəfindən tarixi nailiyyətlərimizin şərhi və gələcək hədəflərə dair konkret istiqamətlərin müəyyənləşdirilməsi bir daha onu göstərir ki, Vahid Azərbaycan dövləti bundan sonra da uğurla, inamla inkişaf edəcəkdir.
Aynur Fərzəliyeva
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru