Moskva görüşündə imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır.
2021-ci il yanvar ayının 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasını və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək idi. Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş naziri ilk dəfə üzbəüz görüşdülər. Görüşü vacib edən əsas məqam 44 günlük müharibədən sonra tərəflərin ilk dəfə bir araya gəlməsi idi. Bu mənada müzakirə ediləcək, aydınlaşdırılacaq məqamlar çox idi. Moskva görüşü həm Azərbaycan, həm də erməni cəmiyyətində ciddi marağa səbəb olmuşdu. Xüsusilə də erməni cəmiyyəti bu görüşü Ermənistan üçün növbəti faciə adlandırırdı. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ölkəsində ciddi narazılıqla qarşılandı. Ermənistanda müxalif siyasi dairələrin yanvarın 11-də gözlənilən Moskva görüşü ilə bağlı müxtəlif şayiələr əsasında yaratdıqları ajiotaj hər şeydən əvvəl Paşinyana təzyiq göstərmək və onun istefasına nail olmağa xidmət edirdi. Görüşün gündəliyi əvvəlcədən açıqlanmasa da, günün sonunda üç ölkənin rəhbərləri tərəfindən səsləndirilən bəyanatlar danışıqların gedişini və mahiyyətini açıqladı. Belə görünür ki, Ermənistan Baş naziri birləşmiş müxalifətin onun əleyhinə istifadə etdiyi bütün iddiaları bu görüşdə müzakirə etməyə cəhd göstərib. Xüsusilə 10 noyabr tarixli Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi, eləcə də həmin Bəyanatda yer almayan “Qarabağın statusu” ilə bağlı məsələ Baş nazirin təkid etdiyi əsas məsələlər oldu. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb. Prezident İlham Əliyev Ermənistanın hərbi əsir hesab etdiyi 62 erməni silahlısını hərbi əməliyyatların rəsmən dayandırılmasından sonra Azərbaycanın suveren ərazilərinə soxulmuş terrorçular hesab etdiyini açıqlamışdı. Ona görə də 10 noyabr tarixli Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsi haqqında razılaşma bu hərbiçilərə şamil edilə bilməz. Beləliklə, Ermənistan siyasilərinin demaqogiyası cənab İlham Əliyevin qəti prinsipiallığı ilə üzləşərək növbəti dəfə məhv oldu. Qarabağ status məsələsinə gəldikdə isə, bu barədə də Prezident İlham Əliyev öz qəti mövqeyini bu görüşdən xeyli əvvəl bildirib: “Heç bir status yoxdur və olmayacaq!”
Moskva görüşündə imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır. İmzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir. Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır. İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir.
Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. Çünki, ilk növbədə 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır. Bu da Muxtar Respublikanın inkişafı, gediş-gəlişin asanlaşdırılması, nəqliyyata çəkilən xərclərin kifayət qədər azaldılması və bütövlükdə Azərbaycanın anklav bölgəsi ilə bütövləşməsi deməkdir. Digər tərəfdən Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir. Nəticədə Türkiyənin Azərbaycan üzərindən Türk dünyasına asan çıxışı təmin edilir. Bu coğrafiya ilə birbaşa bağlantı əldə olunur. Paralel olaraq, Azərbaycan İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyur. Daha qısa yol olduğundan nəqliyyat xərclərini azaldır. Beynəlxalq bazarda rəqabət aparmaq imkanımızı xeyli yaxşılaşdırır. Eyni zamanda Dağlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir. Bu mövzuda ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır. Beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir. Qalib tərəf kimi Ermənistanla gələcək sülh sazişinin milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsiziliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır.
Prezidentlərin mediayaya açıqlamalarından belə başa düşülür ki, müzakirələrin əsas mövzusu 10 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı olub. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalar onu göstərir ki, danışıqlarda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycan tərəfindədir. Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə regionda sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi olaraq Prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdi. Dünənki üçtərəfli görüşdə də bu məsələlər üzrə razılığın əldə olunması danışıqlar prosesində məhz Azərbaycanın mövqeyinin aparıcı olduğunu üzə çıxarır.
Beləliklə, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq. Qarabağ Azərbaycandır!
Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov