Cənab prezident İlham Əliyev : Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir.
Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev dedi:
Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.
Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır.
Qarabağ Azərbaycandır!