Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib.

18 yanvar 2021 | 16:00

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
   Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirlərdə iştirak edib.
   “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Dövlətimizin başçısı müəssisənin təməlini qoyub.
   Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Cənab Prezident İlham Əliyev zavodun təməlini qoyub. Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.
   “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
   Dövlətimizin başçısı zavodu işə salıb. Məlumat verildi ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.

Keçidlər