Şirvan şəhər İcra Hakimiyyətində video-müşavirə keçirildi.
Koronavirus (COVİD-19) infeksiyası əleyhinə şəhər əhalisi arasında aparılacaq vaksinləşmə prosesinin təşkilinə və görüləcək işlərə həsr olunmuş video-müşavirə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə keçirildi. Müşavirədə DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, Mərkəzi Şəhər Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlham Mustafayev, İcra Hakimiyyəti başçısının müavinləri, aidiyyəti qurumların rəhbər və məsul əməkdaşları iştirak etmişdir.
Video-müşavirədə giriş sözü ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvar ayının 19-dan əhalinin vaksinləşmə prosesinə başlanılacağını qeyd etdi. Bildirdi ki, Prezident Administrasiyasının tövsiyələrinə uyğun olaraq Şəhər İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə əhalinin vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün zəruri tədbirlər görmüş, sakinlər arasında təşkilati-izahat işləri aparmışdır.
Koronavirus (COVİD-19) infeksiyası əleyhinə şəhər əhalisi arasında vaksinləşmə prosesinin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında Vaksinasiya Qərargahı, Şəhər İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Təhlükəsizlik Xidmətinin və Mərkəzi Xəstəxananın nümayəndələrindən ibarət işçi qruplarının yaradıldığı qeyd edilmişdir. Bildirilmişdir ki, işçi qrupları əhali arasında müvafiq izahat işlərini davam etdirməli, vaksinləşmə prosesinə nəzarəti həyata keçirməli və tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etməlidir.
Video-müşavirədə koronavirus (COVİD-19) infeksiyası əleyhinə şəhər əhalisi arasında vaksinləşmə prosesinin xüsusi karantin rejiminin qaydaları gözlənilməklə yüksək mütəşəkkilliklə keçirilməsinin təşkil edilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən görülən işlər barədə ətraflı məlumatlar verildi.
Həyata keçiriləcək vaksinləşmə prosesinə hazırlığın təmin edilməsi, bu məqsəd üçün yaradılmış xüsusi məntəqədə lazımı təhlükəsizlik tədbirlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması, sosial məsafənin gözlənilməsi, maskadan istifadəyə ciddi nəzarətin həyata keçirilməsi, vaksinlərin daşınmasına, saxlanılmasına yönəlik profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürüldü. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov həlli vacib olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə, məsul əməkdaşlara müvafiq tapşırıq və tövsiyələr verdi. Qərargah üzvlərinə və işçi qruplarına uğurlar arzu etdi.
Mətbuat xidməti