Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin Şəhidlər Xiyabanında təmir-bərpa işləri başa çatıb.

19 yanvar 2021 | 16:00

Ötən əsrin 90-cı illərində Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarımızın xatirəsini əbədiləşdirmək üçün Şirvan şəhərinin girişində 1,5 ha ərazidə Şəhidlər Xiyabanı salınıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində daha  20 şəhidimiz uğrunda canlarını qurban verdikləri torpağa qovuşaraq Şəhidlər Xiyabanında dəfn edilib.
   Şirvan Şəhər İcra Hakimiyyətinin şəhidlərin hörmət və ehtiramla daim yad edilməsi, qürur yerimiz kimi əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında apardığı geniş abadlıq-bərpa işləri başa çatıb.
   Artıq Vətən müharibəsi şəhidlərinin məzarüstü abidələri quraşdırılıb, Əbədi Məşəl abidə kompleksində təmir işləri yekunlaşıb, ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni səkilər salınıb, müasir işıqlandırma sistemləri quraşdırılıb, Xiyabanın hasarında suvaq işləri tamamlanıb, əraziyə  yeni su və kanalizasiya xətləri çəkilb, sanitar-qovşaq tikilib. Xiyabanın torpaq ərazisi şumlanıb, ağaclar budanıb və ağardılıb, ərazidə dekorativ ağac və kollardan yaşıllıq zolaqları salınıb. Giriş qapısının üzərində Azərbaycan Respublikasının şanlı üçrəngli bayrağı ucaldılıb, qapının bayır hissəsində dekorativ güllər əkilmiş sahənin kənarına üzlük düzülüb. Şəhidlər Xiyabanınadək 2,5 km piyadalar üçün səki salınıb, bordyurlar düzəldilib, asfaltlanma işləri başa çatdırılıb.
   Qürur yerimiz olan müqəddəs Şəhidlər Xiyabanı başa çatdırılan abadlıq-təmir işlərindən sonra  şəhidləri ziyarətə gələnlərin üzünə açıqdır. Şəhər sakinləri Vətənin qəhrəman övladlarını hörmət və ehtiramla yad etmək üçün xüsusi karantin rejiminin qaydalarına riayət etməklə Şəhidlər Xiyabanına axışırlar.
   Qələbə sevincini və qürurunu yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Qalib Ali Baş Komandanı cənab İlham Əliyevə, həmçinin qazilərə və şəhid ailələrinə hər zaman dəstək olan hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirən Şirvan sakinləri bundan sonra da cənab Prezidentin düşmənə göstərdiyi “Dəmir yumruq” kimi sıx birləşəcək və dövlətimizi gözü götürməyənləri əzəcəkdir.


Mətbuat xidməti

Keçidlər