Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar- Azərbaycan xalqının tarixi yaddaşında qəhrəmanlıq simvoludur.

21 yanvar 2021 | 16:00

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş mərhələsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda belə həmin günlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Lakin 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu.Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqillik ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq isə süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. Bu tarixi hadisələrin mahiyyətini gənclərimiz dərindən bilməli, ona hüquqi siyasi qiymət verməlidirlər. 20 Yanvar hadisələrinə həsr olunmuş bir sıra mədəniyyət əsərlərinin isə onun mahiyyətini öyrənmək ücün cox mühüm mənbə olması danılmazdır. Əməkdar rəssam Arif Ələsgərovun “20 Yanvar"tablosu, rəssam Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) , Mikayıl Abdullayevin “Nakamların dəfni”, Rasim Babayevin “Təcavüz”, Arif Hüseynovun “Qara tağlı natürmort”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Oqtay Quliyevin “Matəm”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) rəsmləri həsr olunub.Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi “Bir şərqi de”, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar”, Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi “Qana dönən qərənfillər”, Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Şəhidlər ağısı”, Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı “Ana millət, ata millət, ağlama”, Azər Zeynalovun “Vətən harayı”, Aydın Kərimoğlunun – “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsini, Arif Mirzəyevin “Yanvar passionları” və bir cox əsərlər 20 Yanvar hadisəsinin milli məfkurəmizdəki buraxdığı izləri tərənnüm edən sənət əsərləridir. 20 Yanvar hadisaləri uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. Bu hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 20 Yanvar hadisələri həm də beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı.  20 Yanvar hadisələrindən siyasi dərslər çıxarılmalıdır. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Sivil dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmusdu.
Xilaskarın Moskvada səslənən etirazı.
   Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.  20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur
     20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb;
   Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb.
Allah şəhidlərimizə rəhmət etsin!

Şirvan şəhər Heydər Əliyev Mərkəzi

Keçidlər