Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır.

21 yanvar 2021 | 16:00

44 günlük müharibəni zəfərlə başa vurulması və torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda bir çox sahələrdə olduğu kimi, iqtisadiyyatda da vacib addımlar atılır. Xüsusilə, ölkə iqtisadiyyatının idxaldan asılılığının aradan qaldırılması, ixrac imkanlarının genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi prioritet istiqamətlərdir. Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılmasıdır. Sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir. Bu baxımdan Sumqayıt şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan, zəruri infrastruktura və idarəetmə qurumlarına malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikiləcək Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət kəsb edir. Sənaye parkının əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elmin və təhsilin əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir. Prezident İlham Əliyevin yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu “Azərsulfat” MMC və “Glassica” QSC-nin zavodları iqtisadiyyatımızın inkişafı üçün olduqca əhəmiyyətlidir. Belə ki, Sulfat turşusu zavodunun istehsala başlaması təkcə bu imkanlarla yekunlaşmır. Bu addım sənayeləşmənin genişləndirilməsi perspektivlərini də genişləndirir. Çünki sulfat turşusu sənayenin müxtəlif sahələrində istehsal edilir. Misal üçün, bu turşudan mineral gübrələrin hazırlanmasında da, akumlyatorların istehsalında da istifadə edilir. Bununla yanaşı, kimyəvi məhsulların istehsalında, kənd təsərrüfatında, neft hasilatında və s. geniş istifadə edilən maddələrdəndir. Bu baxımdan, sulfat turşusunun istehsalını ölkədə sənaye istehsalının genişləndirilməsində yeni mərhələ hesab edə bilərik.
   Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Daxili təlabatı nəzərə alanda şüşə tara məhsullarının əhəmiyyəti anlaşılır. Belə ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Beləliklə, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.
   Dövlət başçısının təməlini qoyduğu müəssisələrdən biri də vərəqə şüşə istehsalı zavodududur. “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur. Beləliklə, inşaatda və digər sahələrdə istifadə olunan vərəqə şüşə bu zavodda istehsa olunacaq. Hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.
  Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində qeyd olunan müssisələrin açılışından sonra Azərbaycan televiziyasına müsahibə verib və bir sıra məqamlara toxunub. 2020-ci ildə qazanılan zəfərdən sonra 30 ilə yaxın işğalda qalan torpaqlarımızın inkişaf perspektivlərinə diqqət çəkən cənab Prezident qeyd edib ki, azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək. İşğaldan azad olunmuş torpaqlarda çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb və müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdıracaq. 2021-ci il də artıq qələbələrlə başladı. Azərbaycan bundan sonra daha sürətlə inkişaf edəcək, bütün işğaldan azad olunan torpaqlar bərpa olunacaq və xalqımız daha yaxşı yaşayacaq.

   Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər