Şirvanda virus əleyhinə dezinfeksiya tədbirləri dairəvi sistem üzrə həyata keçirilir.
Şirvan şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı mütəmadi dezinfeksiya işləri həyata keçirilir.
Koronavirus infeksiyasının geniş ərazidə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədi ilə Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən şəhər ərazisində dezinfeksiya tədbirləri dairəvi sistem üzrə aparılır.
Sanitar-dezinfeksiya tədbirləri zamanı çoxmənzilli binaların (ümumilikdə 396 binanın) giriş hissələri, pilləkənləri, liftləri, həyətyanı sahələri, parklar, nümunəvi məhəllələr və uşaq əyləncə qurğuları, söhbətgahlar, sərnişin daşıma xidməti göstərən avtonəqliyyat vasitələri, avtomabil və məhəllədaxili yollar, səkilər, qeyri-yaşayış obyektləri, küçə və prospektlər xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulur.
Vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirirlər.