Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ilk qrant layihəsi olan 2 KR pilot layihəsi çərçivəsində kənd təsərrüfatı texnikalarının təhvil verilməsi ilə əlaqədar mərasim keçirilmişdir.

07 fevral 2012 | 16:00

Şirvan şəhərində Kənd Təsərrüfatı Nazirliyinin, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe, “Aqrolizinq” ASC-nin, habelə bölgə fermer və sahibkarlarının iştirakı ilə Yaponiyanın Azərbaycanda Rəsmi İnkişafa Yardım (ODA) proqramı üzrə ilk qrant layihəsi olan 2 KR pilot layihəsi çərçivəsində kənd təsərrüfatı texnikalarının təhvil verilməsi ilə əlaqədar mərasim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan nazir İsmət Abasov mərasim iştirakçılarını salamlayaraq nazirliyin çoxsaylı kollektivi və bütün kənd əməkçiləri adından Azərbaycanla Yaponiya arasında əlaqələrin genişləndirilməsi sahəsində böyük xidmətlərinə görə səfirə öz minnətdarlığını bildirmişdir.

Nazir bildirmişdir ki, Azərbaycanla Yaponiya arasında dostluğun və əməkdaşlığın əsası ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfəri zamanı qoyulmuşdur. Olduqca fərəhləndirici haldır ki, Yaponiya Azərbaycan əməkdaşlığı hazırda da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

İsmət Abasov Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də dinamik inkişafın olduğunu və bu sahədə artımın 5,8% təşkil etdiyini nəzərə çatdırdı.

Nazir Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında imzalanmış Notalar Mübadiləsinə əsasən 1998-2011-ci illər ərzində 2KR layihəsi çərçivəsində Yaponiya Hökumətinin qrantları hesabına cəmi 863 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 297 ədəd taxılyığan kombayn, 212 ədəd traktor, 186 ədəd kotan, 148 ədəd toxumsəpən, 20 ədəd rotasion mala alınaraq Azərbaycana gətirildiyini, müvafiq qaydalara uyğun olaraq fermerlərin istifadəsinə verildiyini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır. İsmət Abasov Tərəfdaşlıq Fonduna toplanmış vəsaitə cəmi 753 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 130 ədəd taxılyığan kombayn, 104 ədəd traktor, 190 ədəd kotan, 22 ədəd toxumsəpən, 20 ədəd rotasion mala və 287 ədəd digər texnikalar alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən hüquqi və fiziki şəxslərə lizinq qaydasında icarəyə verildiyini və ya satıldığını bildirmişdir.

Nazir ümumilikdə Yaponiya Hökumətinin ayırdığı qrantlar və Tərəfdaşlıq Fonduna toplanmış vəsait hesabına 1616 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının alınaraq kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin istifadəsinə verildiyini qeyd etmişdir.

Nazir ötən il Yaponiyada baş vermiş zəlzələ və sunaminin Yaponiyanın iqtisadiyyatına külli miqdarda ziyan vurmasına baxmayaraq, Yaponiyanın Azərbaycanda Rəsmi İnkişafa Yardım proqramını davam etdirdiyini xüsusi olaraq vurğulamışdır.

Nazir Azərbaycan və Yaponiya Hökumətləri arasında 06 aprel 2011-ci il tarixli qrant razılaşmasına əsasən “Aztəminatlı fermerlər üçün ərzaq təhlükəsizliyi layihəsi”ni davam etdirmək məqsədi ilə Yaponiya Hökuməti tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə 260 milyon Yaponiya Yeni məbləğində qrant ayrıldığını və həmin vəsaitə 29 ədəd taxılyığan kombayn alınaraq Azərbaycana gətirildiyini söyləmişdir. Nazir Tərəfdaşlıq Fonduna toplanmış 1410 min manat məbləğində vəsaitə Yaponiya Hökuməti ilə razılaşdırılaraq 2011-ci ildə keçirilmiş tender nəticəsində 10 ədəd taxılyığan kombayn və 167 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları alınmasını qeyd edərək məhz bu gün həmin texnikaların təhvil verilmə mərasiminə toplanıldığını və 2KR proqramının Azərbaycan üçün olduqca uğurlu olduğunu və kənd təsərrüfatının inkişafında xüsusi rol oynadığını qeyd etdi.

Çıxışının sonunda nazir Yaponiya Hökumətinin Respublikamızda aqrar sahənin inkişafına göstərdiyi yardıma və dəstəyə görə Azərbaycanın bütün kənd əhalisi, fermerləri və kənd təsərrüfatı işçiləri adından Yapon xalqına və Hökumətinə öz dərin minnətdarlığını bildirmişdir.

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe Yaponiyada baş vermiş təbii fəlakətlə əlaqədar olaraq Azərbaycan Hökumətinin göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. Səfir Azərbaycanın bütün bölgələri ilə yaxından tanış olduğunu və Azərbaycanın təbii ehtiyyatlarla zəngin olduğu kimi, insan kapitalına da malik olduğunu vurğuladı. Səfir Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, Yaponiya Hökumətinin bu sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirmişdir.

Fermer və sahibkarlar Yaponiya qrantı hesabına alınmış texnikalardan bəhrələndiyini bildirərək, belə şəratin yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Yaponiya Hökumətinə minnətdarlığını bildirmişlər.

Tədbir iştirakçıları Yaponiyanın Azərbaycanda Rəsmi İnkişafa Yardım (ODA) proqramı üzrə ilk qrant layihəsi olan 2 KR pilot layihəsi çərçivəsində təhvil verilən kənd təsərrüfatı texnikalarına baxış keçirmişlər.
 

Keçidlər