Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, cənnət Qarabağın azadlığıyla nəticələndi. Üç minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Şirvan Şəhər İcra Hakimiyyəti də şəhid adının hər zaman uca tutulmasına, ailələrinin sosial problemlərinin vaxtında həll olunmasına, hər bir işdə dəstək göstərilməsinə çalışır. Şəhər İcra Hakimiyyəti yanında Şirvan şəhəri üzrə şəhid ailələrinin sosial problemlərinin araşdırılması üçün yaradılmış qruplar mütəmadi olaraq şəhid ailərinin evində olur, onların qayğıları ilə maraqlanır, vacib məslələrin aidiyyəti üzrə həll olunması üçün müvafiq köməklik göstərir.
Növbəti dəfə qrup üzvləri Vətən müharibəsinin şəhidləri Hümbətov Emil Tərlan oğlunun, Həsənov Məharət Ramil oğlunun, Bağırov Süleyman Loğman oğlunun, Əliyev Ramil Vüqarəddin oğlunun, Mənəfli Əli Əflan oğlunun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüşlər zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!
Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Şəhid ailələri oğullarının əbədiyyətə qovuşduğu Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa və təmir işlərinə görə şəhər İcra Hakimiyyətinə dərin təşəkkürlərini qeyd ediblər.
Sonra şəhidlərimizn keçdikləri döyüş yolundan, xatirlərindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, səfərbərliklə bağlı cənab Ali Baş Komandanın çağırışına necə sevinclə qoşulduqları vurğulanıb. Qeyd olunub ki, qəhrəman oğullarımızın fədakarlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Şəhid Hümbətov Emil Tərlan oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, şəhid Həsənov Məharət Ramil oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, şəhid Bağırov Süleyman Loğman oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, şəhid Əliyev Ramil Vüqarəddin oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, şəhid Mənəfli Əli Əflan oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Səmimi keçən söhbət zamanı şəhid aillərini narahat edən problemlər qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib.
Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.
Qeyd edilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduqlarını bildirən qrup üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Mətbuat xidməti