Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev: Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər.

04 fevral 2021 | 16:00

Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir.
   Bu sözləri cənab Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
   Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər.
   Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.
   Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.
   Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər.
   Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır.

Keçidlər