Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidlərinin ailələri müntəzəm ziyarət edilir.

09 fevral 2021 | 16:00

Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi, düşmən üzərində Qələbə qazandı.  Artıq üçrəngli bayrağımız doğma Qarabağımızda vüqarla dalğalanır.
   Vətən müharibəsində qazanılan Qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı olan Şirvan şəhidlərinin xatirəsini şəhər İcra Hakimiyyəti daim ehtiramla yad edir, mütəmadi olaraq ailələrinin qayğıları ilə maraqlanır.
   Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış qrupun üzvləri növbəti dəfə Şirvan şəhidləri Məmmədov Röyal Misil oğlunun, Qarayev Elnur Qalib oğlunun, Həsənov Həsən Rəhim oğlunun, Cəfərov Yusif Mübariz oğlunun və İslamov Bəxtiyar Saleh oğlunun ailələrinə baş çəkib. Şəhidlərin ailələrinə başsağlığı verilib, onların qisasının alındığı və şəhidlərin daim qəlbimizdə yaşayacaqlarını bildiriblər.
   Şəhid valideynləri övladları ilə bağlı xatirələrini bölüşüb, onların mərdliyindən, vətənpərvərliyindən, şərəfli ömür yolundan danışıblar. Söhbət zamanı şəhid ailələrini narahat edən məsələlər, problemlər qrup üzvləri tərəfindən qeydə alınıb, bəzilərinin həlli barəsində yerində izahat verilib, digərləri aidiyyəti üzrə həll olunması üçün nəzarətə götürülüb.
   Şəhid ailələri dövlət rəhbərliyinin hər zaman onların yanında olduğunu hiss etdiklərini qeyd ediblər. Göstərilən diqqətə və qayğıya görə, dövlət başçısı cənab İlham Əliyevə, hər zaman onlara maddi və mənəvi dayaq olan Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mətbuat xidməti

Keçidlər