Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı
09 fevral 2021-ci il tarixində sosial şəbəkələrdə və bəzi internet saytlarında “Şirvan şəhərində Heydər Əliyev abidəsinə hörmətsizlik” başlıqlı paylaşımlar edilmişdir. Həmin məlumatların qərəzli olduğunu və şəhər rəhbərliyinin qısa müddətdə apardığı geniş abadlıq-quruculuq və yenidənqurma işlərinə kölgə salmaq mahiyyəti daşıdığını bildiririk.
Ulu Öndərin abidəsi Şirvan Şəhər İcra Hakimiyyəti və şəhər sakinləri tərəfindən daim hörmət və ehtiramla yad edilir. Ulu Öndərin doğum və anım günlərində abidə önündə izdiham yaşanır. Şəhərimizə gələn qonaqlar ilk olaraq Ümummilli liderin abidəsini ziyarət edir, önünə gül dəstələri düzürlər.
Bildiririk ki, elə həmin gün 09 fevral 2021-ci il səhər saat 10:00-da Şirvan şəhəri Kimya-biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzinin açılışında iştirak etmək məqsədilə şəhərimizin qonağı olan Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad etmiş, önünə tər gül dəstələri qoymuşdur. Sonra isə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hörmətli nazirə meydan haqqında, Heydər Əliyev Mərkəzinin fəaliyyəti və digər məsələlər barədə məlumat vermişdir.
Nəzərinizə çatdırırıq ki, Ümummili lider Heydər Əliyevin abidəsinin ucaldığı meydanda müntəzəm təmizlik və səliqə-sahman işləri görülür. Meydanda yaradılan fəvvarə kompleksində təmizlik və tənzimləmə işləri aparılır, həmişə işlək vəziyyətdə saxlanıması üçün tədbirlər həyata keçirilir. Şirvan şəhərinin bir çox ərazilərini Ulu Öndərin panoları (portretləri) bəzəyir. Onlara daimi nəzarət olunur və zamanla dəyişdirilir.
“Görünən dağın bələdçisi olmaz” deyib atalarımız. Özlərini ictimai nəzarətçi adlandıranlara qərəzli münasibətlərdən uzaq olub, obyektivlik nümayiş etdirmələrini tövsiyə edirik.
Mətbuat xidməti