Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Şirvanlı şəhid Cavid Natiq oğlu Məmmədli

15 fevral 2021 | 16:00

2020-ci ilin  sentyabrın 27-sindən başlayan Vətən müharibəsində bir millət olaraq bütöv yumruq kimi birləşdik, dərdimiz də, arzumuz da, sevincimiz də birləşdi. Dilimizdə bir şüar oldu: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Respublikasıının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik Qarabağ niskilinə 44 gündə son qoydu. Bu haqq savaşından alnı açıq, üzü ağ çıxaraq qalib ölkənin vətəndaşı olmağı bacardıq. İgid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
   Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 21 yaşlı Şirvan şəhidi əsgər Məmmədli Cavid Natiq oğludur. Daha bir gənc Vətənin müqəddəsliyi uğrunda gözünü qırpmadan canını fəda etdi. Şəhid Cavid Məmmədli 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olub. 2006-cı ildə Bəhruz Asalanov adına 16 nömrəli tam orta məktəbin I sinfinə daxil olub, 2015-ci ildə həmin məktəbin IX sinfini bitirib. 2020-ci ilin iyulun 1-də Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 04 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında  izdihamla dəfn edilib. Subay idi.
   Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Cavid Məmmədli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhid Cavid Məmmədlinin yaşadığı evi bu gün şəhidin nur üzlü şəkilləri bəzəyir. Çətin də olsa valideynləri ilə Cavid barəsində söhbət edərkən onların mətinliyi, vətənpərvərliyi qarşısında baş əyməmək olmur. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışan atası Natiq Məmmədli həzin bir səslə pıçıldayır: “Cavidin dəfnindən yalnız gurultulu izdihamı, bir də qucağıma verilən üçrəngli bayrağımızı xatırlayıram...Vətən sağ olsun”. Min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi ata. İndi oğlunun əsgər yoldaşlarından, dostlarının xatirələrindən təskinlik tapır...Anası deyir, “oğlumu yayda dənizə qoymadım ki, nəsə olar, qismət beləymiş... Çox zəhmətkeş, ağıllı, sakit bala idi Cavid... Qohum-qonşu öz uşaqlarına Cavidi nümunə göstərirdilər”... Cavidin komandiri deyir ki, “Cavid qısa müddətdə hərbi hissədə nüfuz qazanmışdı. Mərdliyi, cəsarəti, tapşırıqları ləyaqətlə icra etməsi ilə hər kəsin qəlbində qəhrəman kimi iz qoydu”.
   Bəli, Cavidi və onun kimi minlərlə qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Çunki şəhidlər ölməz, heç vaxt unudulmaz! Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Şəhidlər ölməz, Vətən bölünməz!
   Allah rəhmət eləsin!

Mətbuat xidməti

Keçidlər