Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gündən ölkəmizdə bağçaların fəaliyyəti bərpa olunur.

15 fevral 2021 | 16:00

Bu gündən Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində təlimin əyani forması bərpa olunur. 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində həftə içi hər gün əyani təlim aparılacaq.
   Ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının 2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar qəbul edilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində müvafiq hazırlıq tədbirləri həyata keçirilib.
   Şirvan şəhərində fəaliyyət ggöstərən 6 uşaq bağçasında dezinfeksiya işləri aparılıb. Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı xüsusi dezinfeksiyaedici maddələrlə dərmanlanıb.
   Bütün bağçalarda işçi heyət hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Dezinfeksiya işləri başa çatdıqdan sonra uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər həyata keçirilib. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Uşaq bağçalarında sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Mətbuat xidməti

 

 

Keçidlər