Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin Vətən müharibəsində ilk şəhidi Asif Səxavət oğlu Qəribov

16 fevral 2021 | 16:00

27 sentyabrdan 10 noyabradək keçən qısa yol Azərbaycan tarixinin ən şanlı, şərəfli və qürurverici dövrü kimi yaddaşlara həkk olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi böyük Qələbə ilə başa çatdı.  44 günlük müharibə dövlət başçısı cənab İlham Əliyevin iradəsini, əqidəsini, mətinliyini, ordumuzun gücünü, qüdrətini, Azərbaycan xalqının nəyə qadir olduğunu dünyaya göstərdi.
   Bu gün haqqında qürurla, fəxrlə danışdığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, bu qalibiyyət üçün canından keçən şəhidlərimizə və hərbiçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə sevinc, fərəh və qürur dollu qələbələr yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz heç zaman unudulmayacaq.
   II Qarabağ müharibəsində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də şəhid Qəribov Asif Səxavət oğludur.
   Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2019-cu ilin oktyabr ayında  Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan    Vətən müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında  izdihamla dəfn edilib. Beləcə uğrunda canından keçdiyi Vətən torpağına qovuşub.
   Bütün şəhidlərimiz kimi Asif Qəribovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbərimiz tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində Şirvan şəhərinin ilk şəhidi Asif Səxavət oğlu Qəribov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
   Asif ailənin ilk övladı idi. Subay idi. Atası 2014-cü ildə vəfat edib. Asifin bacısı Solmaz və qardaşı Yusif məkləblidirlər, hazırda onun vaxtilə təhsil aldığı məktəbdə oxuyurlar. Anası Mərmər xanım deyir ki, “Asif çox zəhmətkeş, tərbiyyəli, qeyrətli, mərd oğul idi. Orta məktəb illərində idmanla məşğul olurdu. Arzusu hərbiçi olmaq, torpaqlarımızı erməni işğalçılarından azad etmək idi. Atası vəfat edəndə 14 yaşı var idi. Yaşı az olmasına baxmayaraq ailənin maddi təminatında mənə kömək etməyə, ailənin yükünü çiyninə götürməyə çalışırdı. Hətta orta məktəbi bitirdikdən sonra ali məktəblərdən birinə ödənişli şərtlərlə qəbul olunsa da mənə bildirməyib. Asif arxam, köməyim idi. Axrıncı dəfə sentyabrın 26-da telefonla əlaqə saxladı. Sovqat hazırlamışdım. Dedi ki, hələ göndərmə, yerimizi dəyişirlər, sonra göndərərsən. Müharibə başlayandan sonra xəbər ala bilmədik”...
   Asifin təhsil aldığı 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin müəllimləri də onu əzmli, iradəli, məsuliyyətli şagird kimi xatırlayırlar. Bəlkə elə bu xüsusiyyətlər idi Asifi XTQ-yə aparan. Elə ona görə də keçmiş silah yoldaşları onun ölümündən sarsıldıqlarını, lakin qanını yerdə qoymadıqlarını bildirirlər.
   Mərmər xanım dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirir və onda təsəlli tapır ki, Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin uğrunda vuruşduqları torpaqlarımız azad olundu, qanları yerdə qalmadı.
   Asif ailəsinin yükünü çiyninə götürüb onları çətinlikdən xilas etmək missiyasını başa vura bilmədi, lakin torpaqlarımızı erməni işğalçılarından azad etmək, ərazi bütövlüyümüzü təmin etmək kimi ən ali missiyanın iştirakçısı oldu. Ona görə də Asif kimi oğulların qanı qarışan bu torpaq var olduqca şəhidlərimiz unudulmayacaq, hər zaman qəlblərdə yaşayacaqlar!
   Şəhidlər ölməz, Vətən bölünməz!
   Allah rəhmət eləsin!   

Mətbuat xidməti

Keçidlər