Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsindəki qələbimizin 100 günlüyü ərəfəsində tarixi səfər.

17 fevral 2021 | 16:00

Azərbaycan Ordusunun müzəffər qələbəsi dövlət idarəçiliyimizin eləcə də ölkə vətəndaşı olaraq hər birimizin üzərinə böyük məsuliyyətlər qoymuşdur. Ordumuzun şanlı qələbəsi nəticəsində işgaldan azad olunan torpaqlarımızı mükəmməl səviyyədə dirçəldib bu qələbəyə layiq şəkildə nəinki, bu ərazilərin sakinlərinə, həmçinin dünyaya təqdim etməliyik. Cənab Prezident İlham Əliyevin tez-tez bu bölgələrə səfəri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir. Vətən müharibəsindəki qələbimizin 100 günlüyü ərəfəsində Laçın, Cəbrayıl və Zəngilana səfəri zamanı cənab Prezident bir daha qeyd etmişdir ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək, azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Diqqətinizə çatdırım ki, artıq Azərbaycan infrastruktur quruculuğu, şəhərsalma sahəsində ən öndə gedən ölkələrdəndir. Bu minvalla qeyd etmək olar ki, mənfur düşmənlər tərəfindən yerlə yeksan olunan diyar-i-behişt Qarabağımız Azərbaycanın çatdığı maksimum innovativ səviyyənin tətbiqi üçün xammaldır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Fikir verin, pandemiya dönəmində, dünya iqtisadiyyatında yaşanan sükut zamanında Cənab Prezident bu cür addım atmaqla, ölkəmizin iqtisadi gücünü ortaya qoyaraq, bizimlə istər döyüş, istər iqtisadi, istərsə də diplomatik meydanlarda baş-başa gəlmək istəyən dövlətlərə qüdrətimizi göstərmiş oldu. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Xatırladım ki, hələ 44 günlük vətən müharibəsinin ortalarında işğaldan azad edilmiş ən kiçik ərazilərdə belə yenidənqurma prosesi gecikdirilmədən başlayırdı. Bu səbbədəndir ki, hazırda post-müharibə dövründə bəzi yerlərdə ilkin yenidənqurma mərhələsi yekunlaşmışdır. Misal üçün, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb. Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Bir məsləyə diqqət çəkmək istərdim, hansı ki, Prezident Cənab İlham Əliyev də bu məsləni xüsusilə vurğulamışdır ki, işğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. Əslində bu çıxışlarla Prezident əsl vandallığın işgal edib mənimsədiyin yad torpaqlara deyil, öz millətinə və özünün qurub yaratdıqlarına qarşı da amansız və vəhşicəsinə davranmaq olmasını dünya ictimaiyyətinə çatdırmaga çalışır. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb. Terrorçuluğun sahəsi, yaşı, dini, irqi, ünvanlanmış obyekti olmur. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Lakin qələbədən qısa müddət keçməsinə baxmayaraq ekoloji bərpa işləri də tez bir zamanda start götürüb. 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib. Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb.Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Cənab Prezident Laçın, Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qeyd edib ki, azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq. Bu torpaqlar “yaşıl enerji” zonası olacaq. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.
   Ölkəmizin çiçəklənmə potensialını və sürətini ləngidən müharibə şəraitinin aradan qalxması bizi regionda əhəmiyyətli qüvvəyə çevrilmək yolunda murada çatdıran ən başlıca amildir. Bu sahədə xarici dövlətlərin Azərbaycanla yeni əlaqələr yaratmaq niyyəti və təşəbbüssü haqqında ötən yazılarımda da qeydlər etmişəm. Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Belə ki, müharibənin qeyd-şərtsiz Azərbaycanın xeyrinə yekunlaşması regionda uzunmüddətli sabitliyin, stabil inkişaf yüksəlişinin gəlməsi ilə xarakterizə olunacaqdır. Bakı-Tblisi-Qars Dəmiryolu xəttinin istifadəyə verilməsi artıq region dövlətlərinin iqtisadi əlaqələrinin genişlənməsinə səbə olmuşdur. Zamanla daim işgalçılıq niyyəti güdən bədxah qonşumuz Ermənistan rəhbərliyi də fərqinə varacaq ki, 30 illik səhv siyasət nəticəsində ölkə iqtisadiyyatlarını, xalqın rifahının yüksəlişini nə qədər qısıtlamışlar. Regionda açılacaq çoxsaylı rabitə xətləri və magistral yolların Azərbaycan ərazisində kəsişməsi ölkəmizi regionun qovşagı halına gətirəcək və dövlət siyasətimizin xoş niyyətli olması bütün region ölkələrinə fərq qoymadan xeyir verəcək, ölkəmizin xeyirinə xeyir, gəlirinə gəlir qatacaqdır. Lakin, Ölkə Rəhbərimiz bu gündə bütün xoşməramlı əlaqələrin yanısıra heç vaxt islah olmayan mənfur, qəsbkar Ermənistan siyasətini və liderlərini baş verə biləcək mənfi halların nəticələri haqqında xəbərdar etməkdən çəkinmir. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Prezident İlham Əliyev bu barədə bildirib ki, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur olmuşdur. Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək bu təklifləri rədd etmiş, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım- addım qələbəyə hazırlamış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurmuşdur.
   Son olaraq səfər zamanı dagıdılmış, viran qoyulmuş ərazilərimizə nəzər salaraq Cənab Prezident keçmişin səhvləri haqqında bir neçə fikir bildirmişdir. Cənab Prezident bildirib ki, Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Laçın rayonunu və Şuşanı satanlar eyni adamlardır. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib. Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Yazımı cənab prezidentin inamla səsləndirdiyi fikirlərlə bitirmək istəyirəm: - “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər