İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələr bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, eləcə də qızları Leyla Əliyevanın işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olmaları, Horadiz rayonunda, Horadiz-Zəngilan-Ağbənd dəmiryolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda Ağıllı Kənd Layihəsinə start verilməsi, yaşıllıqların salınması, yeni əkin sahələri ilə tanışlıq göstərirki, Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən darmadağın edilmiş, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaq.
Tez bir zamanda Qarabağda normal həyat təmin ediləcəkdir. Qarabağın cənnətə çevriləcəyi barədə ölkə rəhbərinin söylədikləri bir reallıqdır. Çünki Cənab Prezident verdiyi sözün, vədin sahibidir. Müharibədən əvvəl söylədiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” kəlmələri ilə Cənab Prezident dünyaya, Azərbaycanın haqq səsini uzun müddət eşitməyənlərə, torpaqlarımızın 30 il düşmən tapdağı altında qalmasına şərait yaradanlara, təcavüzkarlara kömək edənlərə, beynəlxalq təşkilatların qərar və qətnamələrini saya salmayanlara, hesaba almayanlara bir mesaj verdi. O, sözünü sülhə, ədalətə arxalanaraq dedi. Ancaq əməl olunmadığını görən də dəmir yumruğunu işə saldı, şanlı ordumuzun gücünə arxalandı, dünyaya öz gücünü və iradəsini göstərdi. Düşmən əzildi, məhv edildi, xalqın nisgilinə, həsrətinə son qoyuldu.
Əsas hədəf nəzərdə tutulan işlərin qısa zamanda başa çatdırılmasıdır. Bu səfər Böyük Qayıdışın ilk addımları kimi qiymətləndirilə bilər. Bu baxımdan ki, səfər infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Horadiz-Ağbənd dəmiryolu xəttinin təməli qoyuldu. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmiryolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bununla yanaşı səfər çərçivəsində Laçın rayonunun Güləbird kəndində Sul ektrik Stansiyasının açılışı oldu. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. “Bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, biz bu torpaqlara qayıdırıq.
Azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Bunlar yenidən bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq. Əgər nəzərdə tutulan digər layihələrə də nəzər salsaq görərik ki, bərpa olunan enerji növlərinin bu bölgələrdə çox böyük potensialı var. Prezident İlham Əliyev perspektivlərdən bəhs edərkən azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini xüsusi qeyd edir. Hazırda şəhərlərin baş planı hazırlanır. Görülən işlərə nəzarətin gücləndirilməsi fonunda hədəflərə yüksək səviyyədə və tez bir zamanda nail olmaq mümkündür.
Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünün aydın ifadəsini tapır. 5 komponenti - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələrini birləşdirən “ağıllı kənd” layihəsi bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür. Bu, son illər ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına da dəstək olacaq. Bir sözlə, 30 ilin nisgili, acısı arxada qalaraq, tarixi sahibin əqayıdan torpaqlarımızda yeni həyat başlayır və Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir. İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin bərpa edilməsində də böyük uğurlar qazanılacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir.
Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin baş elmi işçisi Ləman Mikayılova.