Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Hüseynov xilas etdiyi döyüş yoldaşlarının və xalqın qəlbində yaşayacaq.

19 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatlarında rəşadətli Azərbaycan Ordusu düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi. Noyabrın 10-da əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu.
   Şəhid qanı axmayan torpaqdan Vətən olmaz deyiblər. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımıza, məscidlərimizə, tarixi abidələrimizə, Xarı bülbülümüzə qovuşmaq minlərlə qəhrəmanlarımızın yarım qalan ömrü, itirilən sağlamlığı hesabına mümkün oldu. Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda  canından keçən, Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən şücaətli Azərbaycan oğullarından biri də  şəhid Hüseynov Nicat Ziyafət oğludur.
   Nicat Hüseynov 1997-ci ilin iyun ayının 4-də Şirvan şəhərində anadan olub. 2003-cü ildə Şirvan şəhər Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2014-cü ildə Bəhruz Aslanov adına tam orta məktəbin 11-ci sinfini bitirib. 2015-ci ilin iyul ayında  Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Ağdamda yerləşən N saylı hərbi hissədə hərbi xidmət borcunu ləyaqətlə yerinə yetirib. Bu müddətdə snayper kursunu bitirən Nicat Aprel döyüşlərinin könüllü iştirakçısı olub və yüngül xəsarət alıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və mühafizə idarəsində böyük atıcı işləyib. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən sentyabrın 29-unda cəbhəyə yollanıb. Son dəfə evdən çıxarkən “Şəhid olsam ağlamayın, məni atamın bayrağına bükərsiniz” deyib Nicat. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək və şəhidlərin qisasını almaq ən böyük arzusu idi onun. Mərdliyi, cəsarəti, döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetirmək xüsusiyyəti qısa müddətdə komandanlığın diqqətini çəkib və Nicatın bölük komandiri seçilməsinə səbəb olub.  Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək 15 yaralı əsgəri neytral zonadan çıxarıb, 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub. El-obanın fəxri, qəhrəman Vətən oğlu Nicat Hüseynov 11 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında  uğrunda can verdiyi torpağa əmanət edilib.
   Müzəffər Ordumuzun əsgər və zabitlərinin, hərbçilərinin döyüşlərdə göstərdiyi igidliklər  dövlətimiz, ölkə rəhbərimiz tərəfindən yüksək qiymətləndirilib. Vətənimizin ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Nicat Ziyafət oğlu Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilib.
   Atası Ziyafət Hüseynov Nicatın ölümündən bir neçə ay əvvəl dünyasını dəyişib. Anası Zümrüd xanım, bacıları Turanə, Çinarə Nicatın ölümü ilə barışa bilməsələr də onunla bağlı xatirələrini danışmaqdan yorulmurlar. Anası deyir ki, Nicat iki dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də imtahan günü ailədə yas mərasimi olduğu üçün imtahanda iştirak edə bilməyib. “Mən onu ali təhsilli, yüksək kürsülərdə görməyi arzulayırdım. Sən demə ona daha yüksək məqam qismət imiş...”
“Bacıları ailəli idi. Hər il 8 martda, ad günlərində gül dəstəsi, hədiyyə alıb anasını, bacılarını sevindirərdi. Hətta cəbhəyə getməzdən əvvəl atasının məzar daşının, evin küçə qapısının düzəldilməsi üçün ustaların haqqını vermişdi. Demişdi, mən gələnə qədər hazır olsun”. İndi hər şey hazırdı, bir Nicat yoxdu deyir anası...
   Nicatın xilas etdiyi keçmiş döyüş yoldaşları onun məzarını ziyarət edərək “Sən bizim xilaskarımızsan, sənə görə sağ-salamatıq və ömür boyu sənə borcluyuq” deyirlər.
   Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Nicat Hüseynov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır.
   Şəhidlər ölməz, Vətən bölünməz!
   Allah rəhmət eləsin!   

   Mətbuat xidməti

Keçidlər