Şirvan şəhəri ərazisində abadlıq-yenidənqurma işləri davam edirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın paytaxt və regionlarında aparılan abadlıq və quruculuq işləri Şirvan şəhərində də uğurla davam etdirilir. Şəhər ərazisində ardıcıl olaraq magistral və məhəllədaxili yollara asfalt çəkilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binaları təmir olunur, su-kanalizasiya, elektrik, qaz xətləri yenilənir, nümunəvi məhəllələr, park və yaşıllıqlar salınır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyatı qurumların rəhbərləri ilə birlikdə şəhər ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub.
İlqar Abbasov öncə binalarına qarşısında salınan nümunəvi məhəllələrə baxış keçirib, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Şəhərin 28 May küçəsi 3, 4, 5 və 7 saylı binaların qarşısında nümunəvi məhəllənin, Heydər Əliyev küçəsi 10 və 12, F.Eynullayev küçəsi 9 saylı binaların qarşısında “Mərasim evi”nin tikintisi tamamlanmaq üzrədir. Binaların fasadları rənglənib, dam örtüyü vurulub, əraziyə tamet tavalar döşənib, bardyurlar düzülüb, avtomobillərin saxlanması üçün ərazilər və məhəllədaxili yollar asfaltlanıb, uşaq-əyləncə və idman qurğuları, söhbətgahlar quraşdırılıb. Heydər Əliyev küçəsi 14,15,16 və 44 saylı binaların ətrafında abadlıq işləri davam etdirilir, münbit torpaq qatının verilməsinə hazırlıq işləri aparılır.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq L.İbrahimov 4, 20 Yanvar 4a saylı binaların qarşısında salınacaq “Abad məhəllə”də ilkin hazırlıq işləri aparılır. Bu, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərindən sonra regionlarda ilk olaraq Şirvan şəhərində salınacaq ikinci abad məhəllə olacaqdır.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı Ş.Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə salınan məhəllədə olub. Məhəllədə söhbətgahlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet döşənib, bardyurlar düzülüb, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib.
Daha sonra təmir-bərpa işləri aparılan küçələrə baxış keçirilib. Bağ evləri yaşayış massivində Naxçıvan və Xəqani küçələrinə asfalt-beton örtük vurulub, Füzuli küçəsinin asfaltlanması davam edir. M.V.Vidadi, T.Ələkbərov, S.Ə. Şirvani, G.Şıxbalaoğlu, Ş.Şükürov, küçələrində piyada səkilərinə asfalt-beton örtüyünün çəkilməsi işləri tamamlanıb, 1 May küçəsində işlər davam etdirilir. Yaxın zamanlarda F.Eynullayev, Xəqani (Bağ evləri), Naxçıvan (Bağ evləri), M.Əsədov, M.S.Ordubadi, X.Məmmədov, Füzuli, S.Ə.Şirvani, M.Qədirov, Ş.Şükürov küçələrinə asfalt-beton örtük vurulması nəzərdə tutulub.
İcra Hakimiyyətinin başçısı görüləcək işlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şirvan şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin həyat şəraitinin yüksəlməsi naminə abadlıq və yenidənqurma işləri bundan sonra da davam etdiriləcəkdir.
Mətbuat xidməti