Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhid leytenant Süleyman Bağırovun yeni dünyaya gəlmiş körpəsini ziyarət edib.

20 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-sindən başlayan Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdilər. Qələbə sevincini bizə bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Bağırov Süleyman Loğman oğludur.
   Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhid leytenant Süleyman Bağırovun yenicə dünyaya gəlmiş qızını ziyarət edib. Şəhər İcra Hakimiyyətinin başçısı körpə Nilufərin dünyaya gəlməsi münasibətilə ailə üzvlərini təbrik edib, körpə üçün alınmış hədiyyələri təqdim edib, onun da atası kimi Vətənə layiqli övlad olmasını və sağlam, xoşbəxt böyüməsini arzulayıb.
   Şəhidin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olub, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib.
   44 günlük Vətən müharibəsindən söz açan İcra Hakimiyyətinin başçısı Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək torpaqlarımızın azad olunmasında canından keçən hər bir şəhidmizin daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Vətənpərvər, cəsur və yüksək keyfiyyətlərə malik övlad böyütdüyü üçün valideynlərinə təşəkkür edən İlqar Abbasov şəhidlik zirvəsinə ucalan Süleyman kimi oğullarla qürur duyduğunu bildirib. Qeyd edib ki, şəhidlik hər kəsin çata bilməyəcəyi ən yüksək məqamdır.
   Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan İcra başçısı şəhidlərimizin, qazilərimizin və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində görülən işlər barədə məlumat verib. Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhərinin şəhid ailələrinin müntəzəm ziyarət olunduğunu, onların problemlərinə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb.
   Səmimi keçən söhbət zamanı şəhidin atası onları narahat edən məsələlər barədə danışıb. Şəhər İcra Hakimiyyətinin başçısı qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Şəhid atası Loğman Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlğını ifadə edib. Şəhidin körpəsinin ziyarət olunmasını şəhidimizə olan hörmət və ehtiramın əyani sübutu kimi qiymətləndirib.
   Sonda bir daha körpə Bağırova Nilufər Süleyman qızına ən xoş arzularını çatdıran İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin əmanətinin hər zaman diqqətdə saxlanılacağını vurğulayıb.

   Mətbuat xidməti

Keçidlər