Şirin Şükürov küçəsində yeni məhəllə sakinlərə təqdim edilib.
Bu gün şəhərin Şirin Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə salınan yeni məhəllənin açılışı olub.
Açılışda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini Su çərşənbəsi və yeni məhəllənin açılışı münasibətilə təbrik edib və xoş arzularını bildirib.
Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. 2020-ci ildə Şirvan şəhəri abadlıq-quruculuq, təmir-bərpa işlərinin geniş vüsət aldığı şəhər olub. Ötən il Şirin Şükürov küçəsində məhəllə sakinlərinin təşəbbüsü ilə başlanan abadlıq işlərini təqdirəlayiq hesab edən şəhər rəhbərliyi görülən işlərlə bağlı onlara lazımi dəstək göstərilməsi üçün aidiiyyəti qurumlara tapşırıq verib. İlqar Abbasov şəhərin müxtəlif qurumlarının və məhəllə sakinlərinin birgə əməyi nəticəsində belə bir məhəllənin istifadəyə verilməsinin digər məhəllələr üçün də stimul olacağını vurğulayıb. Qeyd edib ki, Novruz bayramına qədər hər çərşənbə axşamı abadlaşan yeni məhəllələrdən birinin açılışı olacaqdır.
Məhəllədə sakinlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə yeni işıqlandırma sistemi, söhbətgahlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet döşənib, bardyurlar düzülüb, parkətrafı əraziyə asfalt örtük vurulub, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib.
Sonra Şəhər İcra Hakimiyyətininn başçısı sakinlər və könüllü gənclərlə birlikdə ağacəkmə aksiyasında iştirak edib. Yeni salınan məhəllədə görülən işlərlə tanış olan İlqar Abbasov sakinlərlə söhbət edib. Sakinlər göstərilən diqqət və qayğıya, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mətbuat xidməti