Şirvan şəhərinin Vətən müharibəsində ikinci şəhidi çavuş Həsən Həsənovdur.
Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaqdır. Torpaq suyla qarışanda palçıq, qanla qarışanda Vətən olur, deyirlər.
Elə ona görə də cəsur və şücaətli Azərbaycan oğulları Vətənin harayına göz qırpmadan getdilər, torpaqlarımızın azad edilməsi uğrunda vuruşmağı sahib olduqları hər şeydən üstün tutdular. Tariximizin növbəti şanlı səhifəsini qanlarıyla yazdılar.
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Cəsur Vətən oğulları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək torpaqlarımızdan qovdular və haqq savaşında Qələbə qazanaraq tarixi ədaləti bərpa etdilər. Torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına son damla qanına qədər döyüşərək şəhid olan igidlərimizdən biri də Həsənov Həsən Rəhim oğludur.
Həsən Rəhim oğlu Həsənov 1990-cı ilin oktyabr ayının 1-də Şirvan şəhərində anadan olub. 1997-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elə həmin ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2010-cu ildə hərbi xidmətdən tərxis olunub. Evə qayıdan Həsən müxtəlif yerlərdə işləsə də hərbiyə olan sevgisi və vətənpərvərliyi onu yenidən ordu sıralarına qaytarır. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayır. Rütbəsi çavuş idi. 2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində Hadrut, Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirir. Əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olur. Vətənini ən şirin nemət olan canından çox sevən Həsən Həsənov 3 oktyabr 2020-ci il tarixində böyük bir izdihamla Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Vətənə sədaqətlə xidmət edən, döyüş tapşırıqlarını ləyaqətlə icra edən və düşmənə qarşı son damla qanına qədər vuruşan hər bir Vətən oğlu Ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Ordusunun çavuşu, Şirvan şəhərinin Vətən müharibəsində ikinci şəhidi Həsən Rəhim oğlu Həsənov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Həsən ailənin üç oğlundan ilki idi-Həsən, Sadiq, Rahim. Atası Rəhim Həsənov I qrup əlildir. Elə qardaşı Rahim də Vətən müharibəsinin iştirakçısı olub. Həsən xanımını Qazax rayonundan özü sevib bəyənib, 2017-ci ilin mayın 8-də toyları olub. 2019-cu ildə oğlu Ömər dünyaya gəlib. Yaxınlarda Həsənin bir övladı da dünyaya gələcək, adını onun arzusu ilə Camal qoymaq istəyirlər. Anası Məryam xanım deyir ki, Həsən vətənpərvər, qeyrətli oğul idi. “Həmişə deyirdi ki, şəhid olsam, ağlama, başını dik tut, hərbiçi anasına yaraşan şəkildə qürurla yola sal məni... Elə bir oğlum olduğu üçün qürur duyuram. İnşaalah, balamın balalarını da elə mərd, vətənpərvər böyüdəcəyəm”.
Həyat yoldaşı Qəriyyə xanım Həsənin yoxluğuna inanmır. Göz yaşları içində xatirələrini danışdıqca, Həsənin zarafatları yada düşdükcə gülümsəyir. Deyir, Həsən həyatıma girən bir möcüzə idi. Bir dəfə sevgililər günündə xanımına sep hədiyyə edib, işığa tərəf tutanda 99 dildə “Səni sevirəm” oxunurmuş. Həmin hədiyyəni o qədər məzəli təqdim etmişdi ki, həmişə xatırlayanda gülürdük... Qəriyyə xanım deyir ki, Allahdan tək istəyim Həsənin övladlarını böyütmək üçün mənə güc və dözüm verməsidir.
Hamımızın fəxri olan şəhidimizin evindən ayrılanda Turə nənənin “Nəvəm Vətən uğrunda canından keçdi, onu unutmayın” sözləri yaddaşımıza saplandı. Bizə işğaldan azad edilmiş torpaqların qürurunu, Qələbə sevincini yaşadan şəhidləri unutmaq olarmı? Onları heç kim unutmaz!
Şəhidlər ölməz, Vətən bölünməz!
Allah rəhmət eləsin!
Mətbuat xidməti