Vətən müharibəsi şəhidi Məmmədov Xəqani Füzuli oğlunun xatirəsi anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Məmmədov Xəqani Füzuli oğlu olmuşdur.
Məmmədov Xəqani Füzuli oğlu 30 mart 2002-ci ildə anadan olmuş, könüllü olaraq hərbi xidmətə getmiş, erməni işğalı altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmişdir. Onun ata-anası Zəngilan rayonundan olan məcburi köçkün kimi Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə yaşayırlar.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Məmmədov Xəqani Füzuli oğlunun ailəsi də ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi Şəhidi Xəqani Məmmədovun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin atası Füzuli Məmmədov və anası Zülfiyyə Səmədova oğlunun vətənpərvərlik ruhunda tərbiyə edildiyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti