Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımından 29 il ötür.

26 fevral 2021 | 16:00

Xocalı soyqırımı dünyada  dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. 
   1992-ci il fevralın 25-dən 26-na keçən gecə  erməni hərbi birləşmələri Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.    Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
   Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
   Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlidir.
   1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
   1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. İlk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir.
   2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
   Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir, saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda ümumxalq yürüşü ilə yad edilib.
   Bu gün də saat 17:00-da Respublikamızın paytaxt və regionlarında Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad ediləcək.

Keçidlər