İctimai Şuraların yaradılması üzrə seminarlara Aran iqtisadi zonasında start verilib.
28.01.2015-ci il tarixdə saat 15.00-da Şirvan şəhər Gənclər və İdman İdarəsinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Amerika Birləşmiş Ştatları və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində “Sosial Tərəqqi” İctimai Birliyi İctimai Şuraların yaradılması üzrə məlumatlandırma seminarları təşkil edib.
Seminarların məqsədi qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında məlumatlılığı artırmaqdan ibarətidir. Toplantılarda ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, İctimai İştirakçılıq haqqında qanunun qəbulu və bu qanundan irəli gələrək yaradılacaq İctimai Şuraların əhəmiyyəti, QHT-Hökümət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması və dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının təmin olunması istiqamətində məlumatlar verilib. Seminarlarda 2014-cü ildə qüvvəyə minən Azərbaycan Respublikasının İctimai İştirakçılıq haqqında Qanununun tətbiqi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu qanunla Azərbaycan hökuməti vətəndaş cəmiyyəti inistitutlarına idarəetmədə vətəndaş iştirakçılığını təkmilləşdirmək üçün daha uğurlu və əlverişli imkan yaratmış olub. “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev tədbirlərdə çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması və idarəçilikdə vətəndaş iştirakçılığının təmin olunması istiqamətində məlumatlar verib. Ekspert, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev seminarda ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə ən yaxşı yerli və beynəlxalq təcrübənin təqdimatını və müzakirəsini keçirib. Şura üzvü "İctimai İştirakçılıq" haqqında qanunun qəbulunu və onun cənab prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsini Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.