Bu gün Od çərşənbəsidir!
Qədim zamanlardan günümüzədək Novruz ən gözəl milli bayramımız hesab edilərək, hər il baharın gəlişi, bolluq, ruzi-bərəkət, firavanlıq rəmzi kimi təmtəraqla qeyd olunur. Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.
Bu gün Boz ayın ikinci - Od çərşənbəsini qeyd edirik. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Günəş yavaş-yavaş torpağı qızdırır və isindirir.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir və yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla xəstəliklərdən xilas olunur və azar-bezarları yandırırlar.