Od çərşənbəsində Şirvan şəhərində yeni nümunəvi məhəllənin açılışı oldu.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyev küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərinin davamı olaraq, Novruz bayramına qədər hər çərşənbə axşamı abadlaşan yeni məhəllələrdən birinin açılışı nəzərdə tutulub. Artıq geridə qalan Su çərşənbəsində şəhərin Şirin Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə salınan yeni məhəllənin açılışı olub.
Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsi münasibətilə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və məhəllə sakinlərinin müraciətləri nəzərə alınaraq şəhərin Heydər Əliyev küçəsi 10 və 12 saylı yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Məhəllədə sakinlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə yeni işıqlandırma sistemi, söhbətgahlar, oturacaqlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet tavalar döşənib, bardyurlar düzülüb, parkətrafı əraziyə asfalt örtük vurulub, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib.
Açılışda Şəhər İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini Od çərşənbəsi və yeni məhəllənin açılışı münasibətilə təbrik edib və xoş arzularını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Qeyd edib ki, cənab Prezidentin qərar və tapşırıqlarına uyğun olaraq, azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işləri şəhidlərimizin ruhunu şad edir. Həmçinin pandemiyanın tezliklə başa çatması üçün qəbul edilmiş qaydalara əməl edilməsini və sakinlərin vaksinləşmə kampaniyasında aktiv olmalarını tövsiyə edib.
Sonra Heydər Əliyev küçəsi 14,15,16 və 44 saylı binaların ətrafında aparılan abadlıq işləri ilə tanış olan İlqar Abbasov məhəllələrin abadlaşması işlərinin davam edəcəyini və şəhərimizin simasının daha da gözəlləşəcəyini bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə və könüllü gənclərlə birlikdə hər iki məhəllədə ağacəkmə aksiyasında iştirak edib. Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mətbuat xidməti