Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə könüllüləri” layihəsində nümunəvi iştirakına görə İmanovlar ailəsinə Təşəkkürnamə təqdim olunub.

04 mart 2021 | 16:00

Ölkə başçısı cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar könüllü şəbəkəsinin formalaşmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cari ilin aprel ayından başlayaraq “Ailə könüllüləri” layihəsinə start vermişdir. Müxtəlif şəhər və rayonlarımızı təmsil edən  ailələr Təşkilat Komitəsi tərəfindən seçilərək layihəyə qoşulmuşdur. Layihəyə qatılan ailələr milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, eləcə də öz uğurlu həyat hekayələri ilə möhkəm ailə modelinin təbliğinə töhfələrini vermişlər.
   Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə, o cümlədən Şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı zərərçəkmiş şəxslərə, onların ailələrinə maddi və psixo-sosial yardımın göstərilməsi sahəsində Komitənin təşkil etdiyi dəstək kampaniyalarında şəxsi təşəbbüsləri ilə yaxından iştirak edərək, layihəyə Şirvan şəhərindən qoşulan İmanovlar ailəsi xüsusilə fərqlənmişdir.
   Şirvan Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri     layihədə nümunəvi iştirakına görə fərqlənmiş və “Təşəkkürnamə”yə layiq görülmüş İmanovlar ailəsi ilə görüşüb, Dövlət Komitəsinin və şəhər rəhbərliyinin səmimi təbriklərini çatdırmışlar. Xalqımıza məxsus ailə dəyərlərinin qorunub saxlanılması və möhkəm ailə modelinin təbliği Ölkə başçısı cənab İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilmişdir. İmanovların nümunəvi addımları ilə digər ailələr üçün örnək olduqları vurğulanmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilən Təşəkkürnamə ailəyə təqdim olunmuşdur.
Arzu İmanova milli-mənəvi dəyərlərimizi özündə əks etdirən layihədə iştirak etmələri üçün yaradılan şəraitə və “Təşəkkürnamə”yə layiq görüldüklərinə görə Komitənin sədri Bahar Muradovaya, şəhər rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirmişdir. Nümunəvi ailələrin üzə çıxarılmasında bu cür layihələrin böyük rol oynadığını və ailələr üçün geniş imkanlar yaratdığını vurğulamışdır.
   Qeyd edək ki, İmanovlar ailəsinin başçısı Rafət İmanov Məişət maye-qaz QSC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis,  Arzu İmanova Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir, övladları orta məktəbdə təhsil alır.

   Mətbuat xidməti

Keçidlər