Vətən müharibəsi Şəhidi Hüseynov Nicat Ziyafət oğlunun xatirəsi anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Hüseynov Nicat Ziyafət oğlu olmuşdur.
Hüseynov Nicat Ziyafət oğlu 04.06.1997-ci ildə anadan olmuş, könüllü olaraq hərbi xidmətə getmiş, erməni işğalı altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmişdir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Hüseynov Nicat Ziyafət oğlunun ailəsi ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi şəhidi Nicat Hüseynovun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin anası Zümrüd Hüseynova və bacısı Çinarə xanım Nicat Hüseynovun vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Bildirdilər ki, Nicat öz valideynlərinə, bacılarına və qonşularına qarşı çox həssas olub. İşlədiyi zavodda kollektivin dərin hörmətini qazanıb. Vətən müharibəsinə könüllü gedib. Füzuli rayonu ərazisində gedən döyüşlərdə fədakarlıq nümunələri göstərib. Yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Özü isə şəhidlik zirvəsinə yüksəlib. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti