Vətən uğrunda canından keçərək anasına və ana torpağa qovuşan şəhid Röyal Məmmədov
“Ağlasa anam ağlar” deyilir bir bayatımızın sözlərində. Amma bir igidimizi nə əsgərliyə gedəndə anası yola saldı, nə də şəhid tabutunun üstündə ağlaya bildi... Anası dünyadan vaxtsız köçsə də, Ana torpağın harayına könüllü olaraq, qəlbinin səsi ilə yetişdi qəhrəmanımız. Haqqında söhbət açdığımız şücaətli eloğlumuz Respublikamızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn əsgər Məmmədov Röyal Misil oğludur.
Şəhid Röyal Məmmədov 12 oktyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib. 2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib. Qısa müddətdən sonra, elə həmin ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2010-cu ildə hərbi xidmətdən tərxis olunub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra atasına kömək etmək məqsədilə onunla birlikdə müxtəlif yerlərdə fərdi işlə məşğul olub. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Röyal da könüllü olaraq cəbhəyə yollanır. Qubadlı uğrunda gedən döyüşlərdə düşmən gülləsi ürəyinə dəyir və Röyal müqəddəs şəhidlik məqamına yüksəlir. İgid Vətən oğlu 24 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilir.
Dünyadan köçən əzizləri haqqında danışmaq hər kəsə əzab verir. Şəhidlərimiz haqqında danışmaq nə qədər qürurverici və şərəfli olsa da, ailələri ilə söhbət etmək bir o qədər çətindir. Röyalın atası nə qədər məğrur dayansa da, oğlu barədə danışdıqca qəhər onu boğur... 3 qardaş imiş Röyalgil. Anası xəstə yatdığı üçün Misil kişi oğlanlarını özü ilə işə aparırmış. Çətinliklə böyütmüşdüm,deyir. “Amma həmişə sevinmişəm ki, balalarım tərbiyəli, düz yolun, düz əqidənin sahibləridir”. Röyal hərbi xidmətə yola düşəndə atasının narahatlığını görüb “Mən getməyim, başqası getməsin, bəs torpaqlarımızı düşməndən kim azad etsin?” deyib.
Getdi və özü kimi şücaətli oğullarla birlikdə 30 ilə yaxın həsrətində olduğumuz torpaqların düşməndən azad edilməsində canından keçdi...
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Röyal Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Şəhid əsgər Röyal Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2020-ci il Azərbaycan xalqının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu. Ötən ilin 27 sentyabrında cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsinin çoxdan gözlənilən Şanlı Zəfərlə başa çatdırılması dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Röyal Məmmədov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!
Şəhidlər ölməz!
Vətən bölünməz!
Mətbuat xidməti