Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki
Hörmətli xanımlar!
Əziz analar və bacılar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, firavanlıq və səadət dolu günlər arzulayıram.
Qadınlara nəzakət, sevgi və ehtiramı tərənnüm edən 8 Mart Beynəlxalq Qadınlar Günü dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də böyük sevinc və fərəh hissi ilə qeyd olunur.
Azərbaycan qadını tarixin bütün dövrlərində ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçilmiş, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olan qadın adının uçalığını həmişə qoruyub saxlamışdır. Milli əxlaqi dəyərlərimizi, adət-ənənələrmizi, dilimizin saflığını ən mürəkkəb dövrlərdə yaşadan analarımız bəşəriyyətə görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin ölkəmizdə yaranması, dünyanın bir çox ölkələrindən xeyli əvvəl seçib-seçilmək hüququnu əldə etməsi Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürü olmaqla yanaşı, ölkəmizdə qadına verilən dəyərin və ehtiramın başlıca nümunəsidir.
Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolunun artırılmasına daha çox diqqət göstərilmişdir. Ümummili lider Heydər Əliyev “Dövlət qadın siyasəti”nin əsasını qoymaqla, ölkə həyatının bütün sahələrində qadınların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradılmış, qadınların qərar qəbuletmə prosesində iştirakı üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Sevindirici haldır ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizin inkişafına böyük töhfələr verirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun formalaşmasında, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dünya miqyasında tanınmasındakı rolu, xüsusilə xalqın rifahı üçün gördüyü xeyirxah əməllər Azərbaycan xanımları üçün əsl ilham mənbəyidir.
Göründüyü kimi, ölkəmizin qazandığı uğurlarda qadınların misilsiz xidmətləri vardır. Azərbaycan qadını həssas münasibətə və qayğıya layiqdir, çünki hazırki vəziyyətdə həyatın bütün ağırlıqları onların zərif çiyinləri üzərindədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 32 illik Qarabağ münaqişəsi Azərbaycan qadınının əzmini, iradəsini qıra bilməmişdir. Torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını böyüdən bütün anaların qarşısında baş əyirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də qadınların ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda daha fəal iştirakına diqqət və qayğı göstərilir, lazımi şərait yaradılır. Bu gün şəhərimizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Səhiyyə, təhsl və mədəniyyət müəssisələrində isə çalışanların böyük əksəriyyətini qadınlar təşkil edir. Qadınlar xidmət sahələrində fədakarlıq nümunələri göstərir, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.
Əziz qadınlar!
Əminəm ki, bundan sonra da yüksək insani keyfiyyətlərə malik, sağlam, vətənpərvər nəslin yetişməsinə diqqət göstərəcək, şəhərimizin inkişafında daha da yaxından iştirak edəcək, Vətənimizin xoşbəxt gələcəyi üçün kişilərlə çiyin-çiyinə var qüvvənizlə çalışacaqsınız.
Sizi bayram münasibətilə bir daha təbrik edir, hər birinizə ilk növbədə can sağlığı, ailə xoşbəxtliyi, müvəffəqiyyət və sevinc dolu günlər arzulayıram. Arzu edirəm üzünüzdən təbəssüm əksik olmasın, şərəfli adınız daim ucalsın.
Bayramınız mübarək olsun!
İlqar Abbasov