Şriftin ölçüsü :

Saytın rəngi :

Yel çərşənbəsində Şirvan şəhərində daha bir məhəllənin açılışı oldu.

09 mart 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov F.Eynullayev küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.
   Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərinin davamı olaraq, Novruz bayramına qədər hər çərşənbə axşamı abadlaşan yeni məhəllələrdən birinin açılışı həyata keçirilir. Artıq geridə qalan Su çərşənbəsində şəhərin Şirin Şükürov küçəsində, Od çərşənbəsində Heydər Əliyev küçəsi 10 və 12 saylı yaşayış binalarının qarşısında salınan yeni məhəllələrin açılışı olub.
    Bu gün Novruzun üçüncü çərşənbəsi-Yel çərşənbəsi münasibətilə şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və məhəllə sakinlərinin müraciətləri nəzərə alınaraq şəhərin F.Eynullayev küçəsi 9 saylı yaşayış binasının qarşısında yaradılmış nümunəvi məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Məhəllədə sakinlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə söhbətgahlar, müasir oturacaqlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet tavalar döşənib, bordyurlar düzülüb, parkətrafı əraziyə asfalt örtük vurulub, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib. Uşaq-əyləncə qurğularının ətrafına ekoloji cəhətdən təmiz və uşaqların təhlükəsizliyi məqsədilə rəngarəng süni örtüklər düzülüb. Binanın qarşısında “Mərasim evi” tikilib sakinlərin istifadəsinə verilib. Binanın fasadı 1-ci mərtəbə səviyyəsində rənglənib, bloklara 4 ədəd metal qapı və 16 ədəd pəncərə qoyulub. 
    Açılışda şəhər İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini Yel çərşənbəsi və yeni məhəllənin açılışı münasibətilə təbrik edib və xoş arzularını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Belə nümunəvi məhələlərin digər binaların qarşısında da yaradılacağını, şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb. Bir neçə ay ərzində başa çatan abadlıq işlərinin uzunömürlü olmasını və səliqəli saxlanılmasını tövsiyə edib.
    Sonra şəhər İcra Hakimiyyətinin başçısı binanın yaşlı sakinləri və könüllü gənclərlə birlikdə məhəllədə ağacəkmə aksiyasında iştirak edib. Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

   Mətbuat xidməti

Keçidlər