Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid qanı ilə suvarılmayan torpaq zəfər bayrağı bitirməz!

10 mart 2021 | 16:00

Canımız Azərbaycanımızın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin hər bir guşəsindən olan qəhrəman Vətən övladları son damla qanlarına qədər döyüşdülər. Bu, elə bir tarixi Qələbə oldu ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətləri ilə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, 30 ildən sonra azad etdikləri doğma torpaqlarımızla bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirmiş oldu.
   Torpaqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpası yolunda canlarını qurban vermiş şəhidlərimizin keçdiyi döyüş yolu gənc nəsillərə örnəkdir. Qəhrəmanlarımızın döyüş yolunu gələcək nəsillərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır.
   Ölümün üzünə göz qırpmadan, dik baxa-baxa, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atılan cəsarətli və mərd oğullarımızdan biri şəhid Elnur Qalib oğlu Qarayevdir. Elnur  igidliyi, qəhrəmanlığı ilə Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi.
   Şəhid Elnur Qarayev 13 noyabr 1996-cı ildə Şirvan şəhərində anadan olub. 2003-cü ildə S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2014-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2015-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbiləşdirilmiş Mühafizə İdarəsində mühafizəçi işləyib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmək üçün sentyabrın 21-də Elnur da könüllü olaraq cəbhəyə yollanıb. Xocavənd uğrunda gedən döyüşlərdə mühasirəyə düşən Elnur oradan çıxa bilməyəcəyini anlayır və qardaşına zəng edib halallaşır. “Atama, anama de ki haqlarını halal etsinlər...” Bu Elnurun son sözləri olur.  Ermənilərə əsir düşməmək üçün özünü də düşmənlə birlikdə məhv edir və noyabrın 2-də Elnur şəhidlik məqamına yüksəlir. İgid Vətən oğlu 18 noyabr  2020-ci  il  tarixdə  Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilir.
   Elnurgil ailədə 3 uşaq idi, 2 qardaş, 1 bacı. Elnur ailənin ikinci övladı idi. Ailəli idi, yeni evlənmişdi. Mayın 2-də bir qızı dünyaya gəlmişdi. Şəhid olanda qızı 6 aylıq idi. Hələ balasını doyunca görməmişdi Elnur. Arzularının aşıb-daşan, ümman çağında Vətənin müdafiəsini, torpaqlarımızın azadlığını hər şeydən üstün tutan Elnur şərəfli ölümü ilə övladına bir ömürlük qürurlu həyat bağışladı. Ciyərparasını  uğrunda şəhid olduğu Vətənə əmanət qoyub getdi.
   Anası Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Danışır ki, Elnuru müharibəyə yola salanda hamımız Komissarlığın qarşısına getmişdik. Acığı tutdu, tələm-tələsik maşına mindi, dedi ki, “nahaq gəlmisiz, tezliklə qayıdacağam da”... Elnurun atası, anası, qardaşı, bacısı, dostları onunla bağlı xatirələri yada salmaqla təsəlli tapırlar. Evdə Elnurun şəkillərindən və əşyalarından xatirə guşəsi yaradılıb. Bunlar onun qısa ömrünün həzin notlarıdır.
   Torpaqlarımızın azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş şəhid əsgər Elnur Qarayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.
   Elnur da öz əqidə yoldaşları, şəhid qardaşları kimi uğrunda vuruşduğu, can verdyi torpağın, xalqın qan yaddaşında əbədi yaşayacaqdır. Çünki şəhidlər haqq savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Şəhid qanı ilə suvarılmayan torpaq zəfər bayrağı bitirməz! Vətən şəhidlərin mübarək çiyinlərində müqəddəsləşir. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir!

Şəhidlər ölməz!
       Vətən bölünməz!

Mətbuat xidməti

Keçidlər