Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr Energetiklərin peşə bayramıdır.

20 oktyabr 2022 | 11:11

Bu gün Azərbaycanda Energetiklər Günüdür. Artıq 18 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 41 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz quruculuq işləri görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramlar işlənib hazırlanıb. Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda ləyaqətlə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlar, gələcəyə ümidlərdir. Biz də Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edir, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq. Əminik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcəklər.

 

 

Mətbuat xidməti

Keçidlər