20 Yanvar şəhidlərinin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir.
18 yanvar 2023 | 12:59
20 yanvar 1990-cı il Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir.
Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyətinin gözü qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək, əliyalın xalqa qarşı törədilən qırğının hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Moskvanın və respublika rəhbərlərinin səhvi ucbatından törədildiyini ifşa etdi. Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı Sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalqımızın sosial müdafiəsinin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılıb. Dövlət başçısının bu yöndə imzaladığı fərman və sərəncamlar ictimaiyyət tərəfindən analoqu olmayan humanizm aktları kimi qiymətləndirilməkdədir. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. 20 Yanvar şəhidlərinin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Bu Prezident İlham Əliyevin imzaladığı fərmanı ilə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 600 (altı yüz) manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis ediləcək. Qeyd edək ki, əvvəl bu məbləğ 500 manat idi. Bu islahatlar, təqdim olunan sosial paketlər Prezident İlham Əliyevin xalqa qayğı və diqqətini əks etdirir. Dövlət başçısı həmişə bəyan edir ki, dövlətin imkanları artdıqca xalqın vəziyyəti də yaxşılaşmalıdır.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi: "Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur".
Qasımova Gültəkin Xeyrulla qızı
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi