“Nizami Gəncəvi əsərləri gənc rəssamların gözü ilə" adlı onlayn rəsm müsabiqəsi keçirilib.
18 mart 2021-ci il tarixində Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının təbliği məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Şirvan Şəhər Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatı, Şirvan Şəhər Gənclər və İdman İdarəsi, Şirvan Şəhər Təhsil Şöbəsi və Şirvan Dövlət Rəsm Qaleriyasının birgə təşkilatçılığı ilə keçirilmiş "Nizami Gəncəvi əsərləri gənc rəssamların gözü ilə" adlı onlayn rəsm müsabiqəsinin yekun mükafatlandırma mərhələsi keçirilib.
Müsabiqənin təşkilində məqsəd karantin rejimi müddətində uşaqların asudə vaxtının səmərəli təşkili, gənc nəslin Nizami Gəncəvi yaradıcılığı ilə yaxından tanış olması və istedadlı uşaqların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuş, ona sərgidə nümayiş olunan əl işləri barədə ətraflı məlumat verilmişdir. İcra Hakimiyyətinin başçısı gənc rəssamlarla söhbət edərək Nizami Gəncəvinin mədəni sərvətlər xəzinəsinin milli-mədəni irsimizin formalaşmasında oynadığı əhəmiyyətdən danışmış, dahi sənətkarın zəngin mədəni yaradıcılığının təbliği baxımından sərginin xüsusi əhəmiyyətini qeyd etmişdir. Daha sonra İlqar Abbasov Nizami Gəncəvi guşəsindəki xatirə kitabına ürək sözlərini yazaraq sərginin işinə uğurlar arzulamışdır.
Münsiflər heyətinin qərarı ilə sərgidə nüamyiş olunan əl işləri içərisində ustalığı ilə seçilən əsərlərə üstünlük verilmiş, və müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunmuşdur.
Mətbuat xidməti