Bu gün şəhid Azadov Elçin Qardaşəli oğlunun da xatirəsi anıldı.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı Vətən müharibəsi şəhidləri ilə yanaşı 1-ci Qarabağ müharibəsində həlak olan şəhidlərin də əziz xatirəsini yad edir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün 1-ci Qarabağ müharibəsi şəhidlərindən biri - Azadov Elçin Qardaşəli oğlunun ailə üzvləri də Novruz bayramı ilə əlaqədar ziyarət edildi. Ziyarət zamanı şəhid Elçin Azadovun əziz xatirəsi yad olundu, ruhuna dualar edildi.
Şəhid Elçin Azadov 1972-ci il iyun ayının 30-da Şirvan şəhərində dünyaya göz açıb. 18-nömrəli tam orta məktəbdə təhsil alıb. O, hərbçi olmaq arzusunda olub. Bu arzu onu Cəmşid Naxçıvanski adına Hərbi təmayüllü məktəbdə oxumağa yönəldir. Məktəbi bitirdikdən sonra Kiyev şəhərində Ali Hərbi məktəbə daxil olur. Üçüncü kursda oxuyarkən öz ərizəsi ilə Bakı Ali Hərbi Komandirlər məktəbinə köçürülüb. Dördüncü kursda oxuyarkən ermənilərin işğal etdiyi torpaqlarımızı azad etmək üçün Qarabağa döyüşə yollanır. Ağdam rayonu uğrunda gedən döyüşlərdə fədakarlıq nümunələri göstərib. O 1993-cü il yanvar ayının 26-da Fərrux dağında gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalır.
Şəhidin anası Dilarə Azadova oğlunun keçdiyi hərbi xidmət yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən danışdı. Vurğuladı ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Şirvan şəhərində də şəhid ailələrinə və qazilərə xüsusi həssaslıqla yanaşılır. Onlara təşkilati, maddi və mənəvi dəstək göstərilir. Dilarə xanım şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Allah şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti